Yeddi oğul
15.11.2013 - 14:51
Yeddi oğul
Topaz Premyer Liqasının arxada qalan 13 turunda ən çox oynayan futbolçular məlum olub. Apasport.az saytının məlumatına görə, yalnız 7 oyunçu çempionat matçlarında əvəz olunmadan çıxış edib.

13 oyunun hərəsində 90 dəqiqə forma geyənlərin 3-ü qapıçıdır. Pavel Kapsa (Simurq), Lukas Sapela (Rəvan) və Anar Nəzirov (Sumqayıt) öz komandaları üçün əvəzolunmaz simalardır.

Onlardan başqa, daha 4 futbolçunun hesabında 1170 dəqiqə var. Bunlar Yure Travner (Bakı), İvan Pexa (Rəvan), Anderson Oliveyra (Simurq) və Rahid Əmirquliyevdir (Xəzər Lənkəran).

Əvəzolunmazlardan 5-i legionerdir. Yalnız 2 yerli oyunçu – Anar Nəzirovla Rahid Əmirquliyev öz klubunda möhkəmlənməyi bacarıb.

Bu oyunçuların klublar üzrə təmsilçiliyinə gəlincə isə “Rəvan”la “Simurq”un hərəsində 2 belə sima var. “Xəzər Lənkəran”, “Bakı” və “Sumqayıt”da isə 1 nəfərin əvəzləyicisi tapılmır.

Premyer Liqanın əvəzolunmazlarından yalnız biri – Rahid komandasının kapitanıdır. Klubların kapitanları arasında oyundaşlarına əsl nümunə olmağı bacaran da məhz odur.