“Qarabağ”ın futbolçusu Subaşiçə problem yaratdı
17.11.2013 - 11:01
“Qarabağ”ın futbolçusu Subaşiçə problem yaratdı
Hazırda Ağdamın “Qarabağ” komandasında çıxış edən futbolçu Muarem Muarem keçmiş klubu Türkiyə “Orduspor”unun başına iş açıb. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Orduspor” 2010-cu ildə Makedoniya “Rabotniçki”sindən aldığı makedoniyalı hücumçu üçün 230 min lirəlik transfer haqqını hələ də ödəməyib.

Bu səbəbdən, Türkiyə klubunun bütün əmlakına həbs qoyulub. Vəkil Mehmet Aygün vasitəsilə həyata keçirilən cəza tədbiri “Orduspor”un bank hesablarına, kuboklarına və loqosuna əl qoyulub. Pulu vaxtında ödəməsə, klubun kubokları və loqosu satışa çıxarılacaq. “Orduspor” rəsmiləri isə borclarını yalnız Superliqaya vəsiqə təqdirində ödəyə biləcəklərini deyiblər.

Qeyd edək ki, Muarem Muarem “Qarabağ”a 2012-ci ilin yayında keçib. “Orduspor”da isə o, 2010-2011-ci il mövsümündə çıxış etdikdən sonra “Rabotniçki”yə qayıdıb. Ağdam təmsilçisi Muaremi məhz Makedoniya klubundan alıb. “Orduspor” isə ötən mövsüm Türkiyə Superliqasında 17-ci yeri tutaraq, I Liqaya enib.
Hazırda “Orduspor”un heyətində Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq hücumçusu Branimir Subaşiç də top qovur.