Maksim Medvedev: Berti Foqtsa etiraz edə bilmərəm - MÜSAHİBƏ
18.11.2013 - 10:56
Maksim Medvedev: Berti Foqtsa etiraz edə bilmərəm - MÜSAHİBƏ
Azərbaycan milli komandasının müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi

- Sizin düşüncənizə görə, millimiz yoldaşlıq matçında Estoniyaya niyə uduzdu (1:2)?
- Oyun asan alınmadı. Meydançanın vəziyyəti yaxşı deyildi, qazon bir qədər ağır idi. Bakıdan Tallinnə uzun yol qət etmişdik və səhər oyuna çıxmalı idik. İstər-istəməz yorğunluq öz sözünü deyir.

- Buna baxmayaraq, birinci hissədə komandamız yaxşı görünürdü. Hətta, qol vurmağı bacardıq...
- Bəli, ilk yarıda rəqibdən yaxşı oynadıq. Lakin fasilədən sonra tez yorulduq. Artıq 60-cı dəqiqədə oyunun “ipini” əldən verdik. Lazımsız səhvlər buraxmağa başladıq. Tez-tez top itirirdik, müdafiədə diqqətli deyildik. Bu isə qapımıza vurulan qollarla nəticələndi.

- Fasilə ərəfəsində vurulan qol əleyhimizə işlədi?
- Düşünürəm ki, qol vuranda qələbə qazanmaq üçün daha böyük istək və motivasiya yaranır. Qol – komanda üçün müsbət amildir. Ona görə də, deyə bilmərəm ki, ilk hissənin sonunda vurduğumuz qol arxayınlaşmağımıza səbəb oldu.

- Rusiya ilə seçmə mərhələ oyununda, eləcə də, Estoniya ilə qarşılaşmada sizi adət etmədiyimiz yerdə - yarımmüdafiənin mərkəzində gördük. Hərçənd cinah müdafiəçisi olaraq, bu mövqedə çıxış etmək sizin üçün əlverişli deyil.
- Baş məşqçi bu mövqedə oynayacağımı söylədi və mən buna etiraz edə bilmərəm. Düşünürəm ki, millinin bütün üzvləri məşqçinin qərarı ilə istənilən mövqedə oynamağa hazır olmalıdırlar. Necə alınacağını oyun göstərəcək. Ola bilər ki, adət etmədiyin vəziyyətlə üzləşirsən. Lakin biz peşəkar futbolçularıq, haranı bağlamalı olduğumuzu, həmkarlarımıza necə kömək etməyi bilirik.

- Qarşıda Qırğızıstanla oyun var. İlin major notlarla başa vurmaq baxımından şansımızı necə dəyərləndirirsiniz?
- Bütün komanda qələbə arzusundadır. İli yaxşı nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik.