Foqtsun 64-cü xanası
18.11.2013 - 16:58
Foqtsun 64-cü xanası
Noyabrın 19-da Qırğızıstanla keçiriləcək yoxlama oyunu Azərbaycan yığmasının tarixində 203-cü qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk matçını 1992-ci il sentyabrın 17-də keçirən komandamız Bişkekdəki görüşədək 202 görüş keçirib.

Bu matçlarda 37 qələbə qazanan millimiz 54 dəfə heç-heçə ilə kifayətlənib. Komandamız 111 dəfə meydanı başıaşağı tərk edib. Futbolçularımız millinin oyunlarında 145 dəfə rəqib qapısına yol tapıblar. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 346 topun buraxılmasına üzülüb.

Qarşılaşma yığmamızın yoldaşlıq görüşləri və yoxlama xarakterli turnirlərdə 105-ci matçı olacaq. 28 qələbə qazandığımız belə oyunların 35-də heç-heçə qeydə alınıb. 41 dəfə isə qalib gələn rəqib olub. 97 dəfə rəqib qapılarına yol tapan yığmamız 132 top buraxıb. Millimiz Bişkekdə 3 qol vurmağı bacarsa, yoldaşlıq oyunlarında yubiley – 100-cü top olacaq.

Bu görüş millimizin baş məşqçisi Berti Foqtsun postunda 64-cü oyunu olacaq. 6 ildir yığmamıza rəhbərlik edən almaniyalı mütəxəssis indiyədək 63 qarşılaşmada komandanın “sükanı arxasında” olub.

Bu görüşlərdə futbolçularımızın 14 qələbəsi, 20 heç-heçəsi və 29 məğlubiyyəti var. Foqts 53 qolun sevincini yaşayıb. Rəqiblər isə millimizin qapıçılarını 88 dəfə məyus edib. Foqtsun 15-ci qələbə arzusunu gerçəkləşdirmək üçün millimiz Bişkekdə qalib gəlməlidir.

Əvvəlki 63 görüşün 33-ü yoxlama matçı olub. Bu matçlarda 11 heç-heçəsi və 12 məğlubiyyəti olan yığmamız 11-ci qələbəsini gözləyir. Yoxlama oyunlarında almaniyalı 32 dəfə yetirmələrinin, 37 dəfə rəqiblərin qolunu görüb.

Qeyd edək ki, Foqtsun yetirmələri 2013-cü ildə 12-ci oyununa çıxacaq. Bu il baş tutan 11 qarşılaşmada 3 qələbə, 6 heç-heçə və 2 məğlubiyyəti olan millimiz 11 qol vurub və 8-ni buraxıb.

Martın 26-da Portuqaliyaya 0:2 hesabı ilə uduzandan sonra komandamız keçirdiyi bütün oyunlarda qol vurub. Ardıcıl 7 matçda fərqlənən millimiz tarixinin rekordunu müəyyənləşdirib. Bu seriyanı 8-ə çatdırmaq üçün Qırğızıstana da qol vurmaq lazımdır.