“Rzayev dedi ki, psixoloji cəhətdən tab gətirə bilmirəm” - MÜSAHİBƏ
18.11.2013 - 17:12
“Rzayev dedi ki, psixoloji cəhətdən tab gətirə bilmirəm” - MÜSAHİBƏ
Gəncənin “Kəpəz” klubunun prezidenti Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi

- I divizionda mübarizə aparan “Kəpəz” X turda səfərdə “Lokomotiv”ə məğlub oldu. Matçdan sonra istefa verən baş məşqçi Vidadi Rzayev barəsində nə qərar verdiniz?
- Bu gün Vidadi Rzayevlə görüşüb, söhbətləşdik. İstefası qəbul olundu. Hələlik komandanı Azər Məmmədova həvalə etmişik. Anar Kələntərov isə köməkçi-məşqçi olacaq.

- Rzayevə klubda hər hansı başqa bir vəzifə veriləcək?
- Ona da bir iş verəcəyik, “Kəpəz”i tərk etməyəcək. Ola bilər ki, aşağı yaş qrupları üzrə koordinator olsun.

- Yəqin ki, Azər Məmmədov müvəqqəti komandaya rəhbərlik edəcək. Fikrinizdə kim var?
- Qış fasiləsinə bir şey qalmayıb. Həmin vaxt bu məsələyə baxılacaq.

- Gəncə futbolunun yetirmələrindən olan Yunis Hüseynov və ya Mahmud Qurbanovun komandaya rəhbərlik etmək ehtimalı var?
- Qapımız hər kəsin üzünə açıqdır. Yunis də bizimdir, Mahmud da. Bilirəm ki, onların da komandaya ürəkləri yanır. Oturub, danışmaq lazımdır. Burada kimin hansı vəzifəni tutması yox, Gəncə futbolunu dirçəltmək önəmlidir. Amalımız budur.

- Bəs özünüzün komandanın “sükanı” arxasına keçməyinizə necə baxırsınız?
- Bu bir az düz olmaz. Hərçənd, bu cür hallar olub. Məsələn, Valeri Qazzayev, Oleq Romantsev, Valeri Karpin kimi klub rəsmiləri ehtiyac olduğu vaxt baş məşqçi funksiyasını yerinə yetiriblər. Ancaq mənim belə bir fikrim yoxdur. Qoy, başqa məşqçilər, gənclər özlərini göstərsinlər.

- Ancaq nəzərə alın ki, gəncəli azarkeşlər sizi tanıyır, sizdən nəticə tələb edir. Yəni, əsas məsuliyyət sizin üzərinizdədir.
- Mən kənarda deyiləm ki, klubun içindəyəm. Əlimdən gələn dəstəyi verəcəyəm. Lazım gələndə təcrübəmlə bölüşəcəyəm.

- Komandanın uğursuz çıxışının günahını kimdə görürsünüz? “Zəif bənd” Vidadi Rzayev idi?
- Hamının günahı, səhvi var. Həmişə belə olub ki, uduzanda baş məşqçi uduzur, udanda komanda udur. Vidadi dedi ki, psixoloji cəhətdən tab gətirə bilmirəm, beynim pozulub. Bildirdi ki, ardıcıl məğlubiyyətlər ona pis təsir edir, məşqçi karyerasına xələl gətirir. Qalmasını təkid etdim, istəmədi.

- Rzayevin futbolçularla problemi olması ilə bağlı deyilənlər düzdür?
- Xeyr, nə problem ola bilər ki?

- Bəlkə, uğursuzluğun səbəbi aldıqları maaşın oyunçuları qane etməmsəidir?
- Belə şey ola bilməz. Demirəm yüksək maaş veririk, amma məbləğ normaldır. Həm də biz heç kimi aldatmamışıq. Deməmişik ki, 10 manat alacaqsan, 9 vermişik. Amma 10 deyib, 11 verdiklərimiz olub. Yəni, məsələ pulda deyil. Sadəcə, komanda gec yığıldı, yaxşı təlim-məşq toplanışı keçmədi. Sonrada ardıcıl məğlubiyyətlər, “qara zolaq”, axırda bu vəziyyətə gəldik.

- Yeri gəlmişkən, maddi durumunuzun normal olduğunuzu deyirsiniz. Bəs niyə baş məşqçiniz “Lokomotiv”lə görüşə əynində “Neftçi”nin gödəkcəsi ilə çıxır? Axı bu, peşəkar klubun adına xələl gətirən məqamdır. Rzayev geyinməyə başqa bir şey tapmayıb?
- Razıyam, düzgün deyil. Ancaq məsələ ondadır ki, biz hamıya forma paylamışıq. Sadəcə olaraq, həm gün Vidadi özün yaxşı hiss etmirmiş. Bir az üşüyüb, ona görə həmin gödəkcəni geyinib. Biz verdiyimiz dəst bir qədər nazikdir. Həm deyir ki, əynimdə sıx qalırdı, özümü rahat hiss etmək üçün “Neftçi”nin formasını geyindim.

ŞAMO