Fuad Musayev: O, kafe, barlardan əl çəkmirdi
19.11.2013 - 10:47
Fuad Musayev: O, kafe, barlardan əl çəkmirdi
“Sənan Qurbanov düzgün danışmır. Onda AFFA prezidenti olanda uşaq futbolundan başlamışdım. Məşqçiləri yığıb uşaqlara hazırlıq keçirdirdik ki, görək nəyimiz var, nəyimiz yox. Qurbanov da həmin uşaqların içində idi”. Bunu apasport.az saytına AFFA-nın sabiq prezidenti Fuad Musayev deyib.

“Qəbələ”nin məşqçisi Sənan Qurbanov çalışdığı klubun rəsmi saytında işıqlandırılan “Veteranlar” rubrikasına verdiyi müsahibədə 15 yaşı olarkən 10 futbolçu ilə birgə “Trabzonspor”un düşərgəsində olmasından danışıb. Onun sözlərinə görə, sonra 5 futbolçu bəyənilməyərək geri göndərilib. Qurbanov digər 5 futbolçunun 2 ay bu klubun düşərgəsində qaldığını, ancaq Musayev orda qalmalarına icazə vermədiyi üçün geri qayıtdıqlarını bildirib.

Ancaq Musayev bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Sənan Qurbanov Trabzondan bəyənilməyərək geri göndərilib: “2 qrupu məşq etdirirdim. Aftandil Hacıyev, Zaur Tağızadə, Ayxan Abbasov və başqa futbolçular nisbətən böyük yaş qrupunda idi. 1980 təvəllüdlülər içərisində isə Sumqayıtdan Ramin Hüseynov, Ramil Abışov, Fuad Əliyev, eləcə də Sənan Qurbanov vardı. Bizim o vaxt Türkiyə Futbol Federasiyası ilə yaxşı əlaqələrimiz vardı. Xatırlayırsınızsa, AÇ-1996-nın seçmə oyunlarını Trabzonda keçirmişdik. O vaxt “Trabzonspor”la müqavilə bağlamışdıq. Nisbətən kiçik yaş qrupumuzdan 10 ən yaxşı futbolçunu seçib burdan aparmışdılar. Sonra 10 nəfər arasından da seçim aparıldı. Daha sonra 10 nəfərdən 5-i, onlardan isə 2-si - Ramin Hüseynovla Ramil Abışov orda qaldı. Sənan və digərləri geri qaytarıldı. Hüseynovla Abışov isə orda 1 il “Trabzonspor”un aşağı yaş qruplarında çıxış etdilər. Hətta mən də bir ara onlarla birgə oldum. Onlar ən yaxşı 2 futbolçunu seçmişdilər. Sonra bura qayıtdıqdan sonra öz səhvləri üzündən futbol karyeralarını bitirdilər. Mənim onları geri qaytarmağımdan söhbət gedə bilməz”.

Fuad Musayev azərbaycanlı futbolçuların o vaxt gənc yaşlarından legioner karyeraları yaşamaq imkanlarının çox olduğunu, ancaq evdən aralı qala bilmədikləri üçün qayıtmalarını da vurğulayıb: “Zaur Tağızadə, Elçin Rəhmanov və Ruslan Musayevi də o vaxt Superliqada çıxış edən “Dardanelspor”a göndərmişdim. O vaxt Türkiyə yığmasının məşqçisi mənə demişdi ki, bu uşaqlar 15-16 yaşlılar arasında ən güclü futbolçulardır. Ancaq sonra nə oldu? Ağladılar ki, biz burda oynamaq istəmirik, bizi evə aparın. Başladılar darıxmağa. Orda bu yaşda futbolçulara pul verilmirdi. Halbuki mən rəhbərliklə söhbət etdikdən sonra onların hərəsinə 100 dollar verilmişdi. İndi siz deyin, mən necə Sənanın Trabzonda qalmasını istəməyə bilərəm”.

Sabiq AFFA prezidenti Zaur Tağızadənin İsveçrə klubuna keçmək variantının alınmamasına da aydınlıq gətirib: “1997-ci ildə biz Avstriyada seçmə mərhələnin oyunlarını keçirəndə İsveçrə ilə də bir qrupda idik. Həmin ölkənin bir klubu (“Qrasshopper”i nəzərdə tutur – S.T.) Zauru bəyənmişdi. Sadəcə, əsas komandaya götürəcəklərindən bu yaşda futbolçunun İsveçrə qeydiyyatı lazım idi. Sənədləşmə problemlərinə görə keçidi baş tutmadı. Halbuki, 2000 dollar, ev-eşik verirdilər. Zaur daha sonra Estoniya, İslandiyada da oldu. Ancaq orda da özünü yaxşı aparmadı. Dedi ki, evə qayıtmaq istəyirəm. Vyaçeslav Lıçkin “Trabzonspor”da idi. Kafe, barlardan əl çəkmirdi. Şəklini çəkib mənə göndərmişdilər. Azərbaycanlı futbolçular belədir də”.

Səbuhi TOFİQOĞLU