Lorenzo Ebesilio: Biz onlara vaxt vermişdik - MÜSAHİBƏ
19.11.2013 - 11:26
Lorenzo Ebesilio: Biz onlara vaxt vermişdik - MÜSAHİBƏ
“Qəbələ” klubunun hollandiyalı yarımmüdafiəçisi Lorenzo Ebesilionun apasport.az saytına müsahibəsi

- Arxada qalan 13 turu dəyərləndirməyinizi istərdik…
- Gözlədiyimdən yaxşı nəticələr əldə etmişik. Ötən il bu cür çıxış etmədiyimizdən xəbərdaram. Hazırda birinci, ikinci pillələrdə qərarlaşan komandalara çox yaxınıq.

- Maraqlıdır ki, komanda hələ üç ardıcıl qələbə qazana bilməyib. Ən yaxşı halda iki qələbə, sonra heç-heçə və ya məğlubiyyətlə üzləşirsiniz. Bu nədən irəli gəlir?
- Heyətdə daim dəyişiklik edilir. Hər oyuna fərqli “11-lik”də çıxırıq. Bütün oyunlara eyni heyətlə çıxmırıq. Digər yandan baxırsan ki, iki asan rəqiblə üzləşirik, ardınca isə daha güclü komanda ilə qarşılaşırıq. Bəzən rəqiblərə tab gətirmirik. Futbolda belə şeylər olur. Məsələn, iki oyun uduruq, sonra “Neftçi” ilə qarşılaşırıq. Bəzi futbolçular da var ki, rəqibə cavab verə bilmirlər.

- Komandanın ötən il daha zəif çıxış etdiyini dediniz. Amma nəzərə alın ki, hazırkı heyət ötənilki ilə müqayisə olunmayacaq dərəcədə güclüdlür. Üstəlik bura təcrübəli baş məşqçini də əlavə etsək, azarkeşlərin istəyinin daha böyük olması ilə yəqin ki, razılaşarsınız…
- Çempionata qələbələrlə başladıq. Sonra isə məğlubiyyətlər oldu. Hansı ki, həmin oyunlarda lazımsız xallar itirdik. Məsələn, “Sumqayıt”a məğlubiyyət, “Simurq”la heç-heçə bizi xeyli geri saldı. Üstəlik lider “Qarabağ”a 0:4 hesabı ilə uduzduğumuz oyunun gedişində sona yaxın 3 qol vurduq. Belə çıxır ki, biz onlara qollar vurmaları üçün vaxt vermişdik. Axı qısa vaxt ərzində onların qapısına 3 dəfə yol tapa bildiksə, deməli uda da bilərdik.

- Qarşıdan AZAL-la oyun gəlir. Oyuna necə hazırlaşırsınız. Yığmanın oyunları ilə əlaqədar yaranmış fasilənin komandanıza nə kimi faydası oldu?
- AZAL-la Bakıda qarşılaşmışıq. Rəqibin güclü olduğunu deyə bilərəm. Həmin matçda Subotiç ilk oyununa çıxdı və qol vurdu. Görünür, AZAL doğma meydanda oynadığından, matç çox gərgin keçdi. Qələbə qazansaq da, həmin dueldə bəxtimizin gətirdiyini də qeyd etməliyəm. Onlar da qol şansları oldu. Bu dəfə doğma meydanda oynayırıq. Uduzmamalı, qələbə qazanmalıyıq.

- AZAL 8 oyundur qələbə qazana bilmir. Bu göstərici işinizə yarıya bilərmi?
- “Sumqayıt”da heç bir komandanı udmamışdı, amma bizi yendilər. Əvvəlcədən necə olacağını bilmək olmur. Statistikaya fikir vermirik. Qələbə qazanmalıyıq. Çünki bizdən arxada “Bakı” qərarlaşıb. Onlar da bizə çatmağa çalışır. Buna imkan verməməliyik.

- Bu günlərdə mətbuatda xəbər yayıldı ki, dostunuzu da “Qəbələ”yə gətirirsiz. Söhbət hansı futbolçudan gedir?
- Bunu ilk dəfə eşidirəm. Dostlarım çoxdur. Bilmirəm söhbət kimdən gedir. Amma “Qəbələ”yə heç bir futbolçu təklif etməmişəm. Əsassız xəbərlərdir.

- Premyer Liqanın bütün komandaları ilə qarşılaşmısınız. Hansı rəqibi yaxşı mənada fərqləndirmək istərdiniz?
- Ən yaxşı kimi “Qarabağ”ın adını qeyd etmək istərdim. Bu komandanın heyətində yaxşı ifaçılar var və onlar meydanda bir-birini yaxşı başa düşürlər. “Qarabağ”a qarşı oynamaq həqiqətən də çox çətindir.

- “Ayaks”ın yetirməsi olduğunuza görə, ölkəmizə gəlişiniz bir qədər gözlənilməz oldu. Gənc yaşlarda çempionatımızı seçməyinizin səbəbini izah edə bilərsinizmi? Axı bizim çempionat Avropada ən zəiflərdən hesab edilir…
- “Ayaks”da oynadıqdan sonra Ukraynanın “Metallurq” klubuna keçdim. Daha sonra isə özümü fərqli çempionatda sınamaq qərarına gəldim. “Ayaks” məktəbinin yetirməsi olduğuma görə, başqa yerlərdə daha yaxşı oynaya biləcəyimi düşündüm. Maraqlı çempionat keçir, yaxşı, futbolu anlayan baş məşqçimiz var. Burda olmağımdan xoşbəxtəm. Çünki hər oyunda əsas heyətdə yer alıram.

- Hollandlar kollektiv oyuna üstünlük verirlər. “Qəbələ”də isə fərdi oyuna meyilli futbolçular çoxdur. Belə bir ansamblda yer almaq çətin deyil?
- Məktəbdə yaxşı şeylər öyrənmişik. Bu məktəbi bitirdiyinə görə, sənə güvənənlər çox olur. Bəzən oyun zamanı elə vəziyyət yaranır ki… “Neftçi” ilə qarşılaşmada qapımıza penalti təyin edildi. Həmin epizodda oyunçuya toxunulmamışdı. Buna görə əsəbləşirsən, özündən çıxırsan. Ancaq məşqçilərimiz də bu cür məqamlarda necə hərəkət etməli olduğumuzu bizə aşılayıblar. Çalışırıq onlardan öyrəndiklərimizi daim meydanda tətbiq edək.