Türkiyə klubunun rəhbərliyi futbolçularımızı aldadır
19.11.2013 - 12:26
 Türkiyə klubunun rəhbərliyi futbolçularımızı aldadır
Həmyerlilərimiz - Arif İsayevlə Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” klubunun futbolçuları matçbaşı və mükafat aldıqları barədə çıxan xəbərlərə etiraz ediblər. Apasport.az saytının məlumatına görə, Mehmet Özsoy klub prezidenti seçildikdən sonra maaş və mükafat baxımından problem olmayacağı söylənilirdi.

Türkiyə mətbuatında Özsoyun futbolçulara 700 min lirə matçbaşı ödədiyi, “Mersin İdman Yurdu” ilə görüşdə qələbəyə görə 150, “Karşıyaka”nı məğlub etdikləri üçün isə 100 min lirə mükafat paylanıldığı bildirilirdi.

Lakin türkiyəli həmkarlarımızın yazdığına görə, futbolçuların bu yöndə çıxan xəbərlərə etirazından sonra məlum olub ki, bu, düzgün informasiya deyil. Görünür, bu tip sifarişli xəbərlər yeni rəhbərliyin ictimaiyyətə “hər şey yolundadır” mesajı vermək istəyindən irəli gəlir. Əslində isə, heyət üzvləri hələ də məvacibə həsrətdirlər.

Qeyd edək ki, Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Dənizlispor” şənbə günü növbəti tur çərçivəsində “İstanbul BB”ni qəbul edəcək. Zədədən əziyyət çəkən və qış fasiləsində göndəriləcək Arif İsayevin bu görüşdə forma geyinməyəcəyi dəqiqdir.