Fariz Yusifovun qovduğu futbolçu 3 oyunluq cəzalandırıldı
19.11.2013 - 13:59
Fariz Yusifovun qovduğu futbolçu 3 oyunluq cəzalandırıldı
AFFA İntizam Komitəsinin (İK) bu gün iclası keçirilib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, İK I divizionun X turunda yaşanan qanunsuzluqlara öz hüquqi qiymətini açıqlayıb.

“Lokomotiv” – “Kəpəz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün paytaxt klubu 100 manat cərimə olunub. İK “Şuşa” – “Şəmkir” matçı başa çatdıqdan sonra yaşananı da unutmayıb. “Şuşa”nın futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu isə 20 manat cərimə ödəməlidir.

MOİK – “Araz Naxçıvan” matçının 90+4-cü dəqiqəsində “hərbçilər”in futbolçusu Zeynalabdin Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Ona da 1 oyunluq cəza verilib. Bakı klubu isə 20 manat pulu AFFA-nın xəzinəsinə keçirməlidir.

“Ağsu” – “Qaradağ Lökbatan” matçının 26-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Fərrux Rəhimov son zamanlar aşağı dəstədə dəb halını alan hərəkətə yol verib. O, komanda yoldaşını təhqir etdiyinə görə sabiq FİFA referisi Fariz Yusifov tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Rəhimov 3 oyun komandasına kömək edə bilməyəcək. Ağsu klubu isə 200 manat cərimə olunub.

Qeyd edək ki, millimizin yoldaşlıq görüşləri ilə əlaqədar olaraq Premyer Liqada oyunlar keçirilməyib. Buna görə də İK-nın qərarları ancaq aşağı dəstəyə şamil olunub.