“Araz”la 2 dəfə üz-üzə gəlmişik, hər ikisində də məğlub olmuşuq”
20.11.2013 - 10:38
“Araz”la 2 dəfə üz-üzə gəlmişik, hər ikisində də məğlub olmuşuq”
“Turnirdən qazanılacaq bu təcrübəni oyunçular heç vaxt unutmayacaq. Biz yüksək reytinqə malik və yalnız peşəkar futbolçulardan qurulmuş komandalara qarşı oynayacağıq. Bu isə o deməkdir ki, rəqib oyunçular hər gün futzalla məşğul olur, fiziki cəhətdən çox güclü və səviyyəlidirlər”. Apasport.az saytının məlumatına görə, bunu “Eyndhoven”in baş məşqçisi Karmelo Nieddu deyib.

Sabah UEFA Futzal Kubokunun elit mərhələsi çərçivəsində D qrupunda oyunlara start veriləcək. Hollandiya çempionunun baş məşqçisi əsas heyət üzvlərindən ikisini oynada bilməyəcəyini söyləyib: “Niderlandda oynamaqla biz uzağa gedə bilmirik, ancaq yerimizdə də saymırıq. Biz Lissabondakı şansımızdan yararlanmalıyıq. Şanslarımızı real dəyərləndirməliyik. Çox təəssüf ki, təcrübəli oyunçularımız Dik Hulshorst və Ualid Saaduni turnirdə iştirak edə bilməyəcək. Onların yoxluğunda bəzi oyunçuları digər mövqelərdə yoxlamalıyam”.

Nieddu şanslarını dəyərləndirərkən sabah Bakı vaxtı ilə saat 22:00-da qarşılaşacaqları “Araz”la əvvəlki oyunlara da toxunub: “Ancaq biz dəsmalı rinqə erkən atmayacağıq. Əksinə, biz həyatımızı baha qiymətə satacağıq. Biz yarışa hazırlıq planı qurarkən diqqətlə rəqiblərimizi təhlil etmişik. Hər şey təşkilati komandadan asılı olsa da, bizim də həlledici mərhələyə çıxmaq şansımız var. Azərbaycanın “Araz” klubu ilə 2 dəfə avrokuboklarda üz-üzə gəlmişik, hər ikisində də məğlub olmuşuq. Macarıstanın “Dyor ETO” klubu da bizi məğlub edib, ancaq bizim bu dəfə onları məğlub etmək şansımız var. “Sportinq” aşkar favorit sayılır ki, bu da onların reytinqdə hamıdan yüksəkdə dayanmasından xəbər verir. Biz yaxşı nəticə qazanmaq üçün hər şeyi edəcəyik. Çünki 2 il əvvəl bizim sonradan çempion olan “Barselona” ilə uzun müddət yüksək tempdə oynamaq kimi təcrübəmiz var”.

Qeyd edək ki, “Araz” 2011-ci ilin noyabrın 17-də Barselonada “Eyndhoven”i 5:3 hesabı ilə məğlub edib. Naxçıvan təmsilçisi ötən il sentyabrın 6-da isə Macarıstanın Dyor şəhərində Hollandiya çempionunu 4:3 yenib. Hər 2 görüş elit mərhələdə baş tutub.