“Rusiyadan fərqli, Azərbaycan millisinin iki heyəti yoxdur” - MÜSAHİBƏ
20.11.2013 - 12:50
“Rusiyadan fərqli, Azərbaycan millisinin iki heyəti yoxdur” - MÜSAHİBƏ
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Aleksandr Xalifman “sport-weekend.com” portalına müsahibə verib. Apasport.az saytının məlumatına görə, sabiq dünya çempionu Polşanın paytaxtı Varşavada yığmamızın çempionluğu ilə başa çatan Avropa çempionatından danışıb.

- Rusiya millisi son turda Fransanı məğlub etməklə, sizin komandanın çempion olmasına kömək etdi. Belə çıxır ki, Rusiya “krallıq”dan çəkilib, “kral edənə” çevrilib?
- Ruslar ilk növbədə öz vəzifəsini həll edirdi. Düşünmürəm ki, onların qarşısında Azərbaycan millisinə kömək etmək tapşırığı dururdu. Fransa üzərində qələbə olmasaydı, Rusiya bürünc medal da qazanmazdı. Hərçənd, çempionatın startı ərəfəsində hamı rusların qızıl medal uğrunda mübarizə aparacağını gözləyirdi.

- Püşk Azərbaycan yığmasını Rusiya ilə qarşılaşmadan azad etdi. Belə oyunun baş tutma ehtimalı haqda nə düşünürdüz?
- Futbol üzrə Avro-2008-i xatırlamaq olar. Onda Quus Hiddinkin başçılıq etdiyi Rusiya millisi onun həmyerlilərini məğlub etdi. Həmin vaxt Hiddink bütün hollandların düşməninə çevrildi ki? Əlbəttə, belə vəziyyətdə insan ikili hisslər keçirir. Üstəlik, mən Rusiya millisinin bütün şahmatçıları ilə dost münasibətindəyəm. Buna baxmayaraq, peşəkar olduğum üçün öz işimi yaxşı görməyə borcluyam.

- Azərbaycan və Ermənistan nəhəng şahmat ölkələrinə çevriliblər. Bunu nə ilə izah edərsiz?
- Ermənilər haqda mənə danışmaq çətindir. Hərçənd, bilirəm ki, orada bu idman növünə diqqət ayrılır. Azərbaycana gəlincə, daha bir nümunə göstərim. Naxçıvanda Şahmat Sarayı fəaliyyət göstərir. Ona da Sankt-Peterburq şahmatçıları həsəd apara bilərlər. Axı, Rusiyanın ikinci paytaxtından fərqli, əhalisi 70 mindən bir qədər artıq olan şəhər heç də şahmatın vətəni sayılmır.

- Avropa çempionatı ilə eyni vaxtda şahmat tacı uğrunda da görüş keçirilir. Ardınca isə dünya çempionatı başlayacaq. Sizə elə gəlmir ki, şahmat yarışlarının təqvimi çox sıxdır?
- Rusiyadan fərqli, Azərbaycan millisinin 2 heyəti yoxdur ki, biri bir yarışa gedəndə, digəri başqa yarışda çıxış etsin.

- Bəlkə dediyiniz bu məqamın bütün yarışlarda eyni heyətlə çıxış etməyinizin də müsbət tərəfi var...
- Bizdə oturuşmuş heyət var, amma istirahət yoxdur. Yorğunluq da bəzən özünü göstərir. Bu haqda ona görə danışmıram ki, növbəti yarışlarda hansısa uğursuzluğu sığortalayım. Amma yorğunluq amili yüksək səviyyəli yarışlarda eynigüclü rəqiblərlə qarşılaşmalarda həqiqətən də böyük təsir göstərir.