Ruslan Abışov: Heç kimə belə şey arzulamaram
20.11.2013 - 13:31
Ruslan Abışov: Heç kimə belə şey arzulamaram
Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- Öncə milli komandadan danışaq. Estoniya və Qırğızıstanla görüşlərin bizə hansısa faydası var idi?
- Bildiyiniz kimi, hər ikisi yoldaşlıq görüşləri idi. Çalışırdıq ki, məğlub olmayaq. Məncə, Estoniya ilə oyunun bizə xeyri oldu, nəinki Qırğızıstanla matçın. Ümumilikdə, baş məşqçi bu qarşılaşmada bəzi futbolçuları sınadı.

- Yığmamızın son 6 görüşdə məğlub olmamağı Estoniya və Qırğızıstanla səfər oyunları üçün bizi ümidləndirmişdi. Ancaq Tallin və Bişkekdən qələbəsiz qayıtdınız...
- Mən daha çox Qırğızıstanla oyun haqda danışmaq istəyirəm. Çünki bu matçda futbola aid heç bir şey yox idi. Meydança çox bərbad vəziyyətdə idi. Belə qazonda nəinki futbol oynamaq, heç gəzmək mümkün deyildi. Uşaqlar əziyyət çəkirdilər. Estoniya ilə görüş haqda isə bunu deyə bilərəm ki, ilk hissəni yaxşı oynadıq. Ancaq fasilədən sonra millinin heyətində bəzi əvəzetmələr oldu. Bu da normal haldır. Meydana oynamayan futbolçular çıxdı, sonrası isə aydındır...

- İlk hissədəki heyət dəyişilməsəydi, müsbət nəticə əldə etmək mümkün olardımı?
- Əlbəttə. Həmin heyət oynasaydı, qələbə qazana bilərdik. Meydana sonradan daxil olanlar isə klublarında oyun praktikasından əziyyət çəkən futbolçular idi. Yoldaşlıq oyunu olduğu üçün bu dəyişiklikləri normal qəbul etmək olar.

- Qırğızıstana qarşı matçda start heyətində yer almışdınız. Ancaq son anda heyətdən çıxarılmısınız...
- Elədir. Meydançanın durumuna baxdım, gördüm ki, çox pis vəziyyətdədir. Həm də sağ ayağımda ağrılar olduğu üçün çox risk etmək istəmədim. Çünki bu, seçmə mərhələ oyunu deyildi. Ona görə risk etməyə dəyməzdi. “Rubin”də aldığım köhnə zədəm də oynamağıma mane olurdu.

- Ayağınızdakı zədəni Bişkekdəki məşq zamanı almışdınız?
- Hə. Oyundan öncəki məşqi həmin stadionda keçirmişdik. Axşam isə ayağımda ağrılar hiss etməyə başlamışdım.

- Bəs onda adınız niyə əvvəl start heyətinə daxil edilmişdi?
- Baş məşqçi dedi ki, çıx, isinmə hərəkətlərini yerinə yetir. Əgər ağrın yenə olsa, onda oynamazsan. Qaçış hərəkətlərini edəndə gördüm ki, ağrı var. Meydançanın vəziyyəti çox biabırçı vəziyyətdə idi.

- Səfərdə olarkən yəqin ki, Kazandakı təyyarə qəzasından xəbər tutdunuz. “Rubin”də oynadığından, bu faciə sizə də təsir etmiş olar...
- Mən bu xəbəri eşidəndə doğrudan da çox pis oldum. Bildiyimə görə, Tatarıstanın prezidentinin oğlu da həmin təyyarədə idi. Heç kimə belə bir şey arzulamaram.

- “Rubin”in düşərgəsinə nə vaxt qayıdırsınız?
- Sizinlə danışmazdan öncə həkimdən çıxmışdım. Müalicələrimi Bakıda davam etdirirəm. İnşallah, bazar günü Kazana qayıdacağam. Bundan sonra tam gücüm ilə məşqlərə başlayacağam.

- Bazar günü “Tom”la səfər oyununuz var. Onda Tomska aparılacaq heyətdə yer almayacağınız dəqiqdir...
- Bəli. Ancaq böyük ehtimalla, “Maribor”la Avroliqa oyununda heyətdə olacağam.

Səbuhi TOFİQOĞLU