Milli komandamızın üzvü 1 sutkada 2 rəsmi oyuna çıxdı
20.11.2013 - 15:27
Milli komandamızın üzvü 1 sutkada 2 rəsmi oyuna çıxdı
“Belə halla üzləşəcəyim ağlıma belə gəlməzdi”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət millimizin və Düsseldorf “Fortuna”sının futbolçusu Tuğrul Erat deyib.

Noyabrın 15-də Avropa çempionatının seçmə oyunu ilə əlaqədar olaraq Skopyedə Makedoniyaya qarşı 90 dəqiqə mübarizə aparan futbolçunun başına dünyada nadir hallarda qeydə alınan iş gəlib. Belə ki, o, 1 sutkadan da az müddətdə həm yığmada, həm də klubunda oyuna çıxıb. Erat “Vattenşayd 09”la görüşdə (2:2) də 90 dəqiqə meydanda olub.

Futbolçu bu haqda derwesten.de portalının idman jurnalisti Kevin Şvanka danışıb: “Makedoniya ilə oyundan dərhal sonra paltarlarımı toplayıb təcili Almaniyaya qayıtmalı idim. Təyyarə İstanbulda dayanmalı idi. 5 saat oteldə yatdım. Daha sonra isə təyyarə ilə Almaniyaya gəldim. Mən Düsseldorfa çatanda saat təxminən 11:30-u göstərirdi. 2,5 saat sonra isə “Fortuna”nın heyətində “Paul Yanes” stadionuna çıxdım. Herr Aksoy (“Fortuna” U-23-ünün baş məşqçisi Taşkın Aksoy) matçdan əvvəl məndən soruşdu ki, oynaya bilərəmmi? Mən də dedim ki, əlbəttə, əgər ehtiyac varsa, oynayaram. Beləcə 21 saat ərzində 2-ci oyunuma çıxdım, ancaq təəssüf ki, qələbə qazana bilmədik”.

Qeyd edək ki, Tuğrul Erat sonda müqaviləsinin “Fortuna” ilə yayda başa çatacağını, əsas komandanın baş məşqçisi Mixael Büskensin ona şans verməməsinə görə qışda gələcək təklifləri dəyərləndirməyə hazırlaşdığını da bildirib.