Dünya çempionatının bütün iştirakçıları bəlli oldu
21.11.2013 - 05:05
Dünya çempionatının bütün iştirakçıları bəlli oldu
DÇ-2014-ün pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, gələn il Braziliyada keçiriləcək mundiala sonuncu vəsiqənin sahibi qitələrarası pley-off qarşılaşmasında bəlli olub.

Cənubi Amerikada seçmə mərhələnin 5-ci komandası olan Uruqvay Asiya zonasına 5-ci vəsiqəni qazandırmaq iddiasında olan İordaniyanı qəbul edib. Səfərdəki ilk oyunda rəqibini 5:0 hesabı ilə məğlub edən uruqvaylılar cavab görüşündə özünə əziyyət verməyib. Qolsuz bitən qarşılaşma mundiala 32-ci vəsiqəni Uruqvaya qazandırıb.

DÇ-2014-ün pley-off mərhələsi, cavab oyunu
Uruqvay – İordaniya 0:0
(ilk oyun – 5:0)

Beləliklə, püşkatması dekabrın 6-da atılacaq final mərhələsinin bütün iştirakçılarının siyahısı müəyyənləşib.

Avropa: İspaniya, İtaliya, Almaniya, İngiltərə, Hollandiya, Belçika, Rusiya, İsveçrə, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Xorvatiya, Yunanıstan;

Asiya: Cənubi Koreya, Yaponiya, Avstraliya, İran;

Cənubi Amerika: Braziliya, Argentina, Çili, Kolumbiya, Ekvador, Uruqvay;

Şimali Amerika: ABŞ, Kosta-Rika, Honduras, Meksika;

Afrika: Fil Dişi Sahili, Kamerun, Nigeriya, Qana, Əlcəzair.