“Böyük hesabla qalib gəlmək istəyirik” – MÜSAHİBƏ
21.11.2013 - 11:03
“Böyük hesabla qalib gəlmək istəyirik” – MÜSAHİBƏ
Futzal üzrə UEFA kubokunda ölkəmizi təmsil edən “Araz” bu gün ilk oyununa çıxacaq. Komandamız Hollandiya çempionu “Eyndhoven”lə qarşılaşacaq. Lissabonda keçiriləcək qrup matçlarından əvvəl “Araz”ın və yığmamızın üzvü Vitali Borisov apasport.az saytına müsahibə verib.

- Zədəniz nə yerdədir: Bu gün keçiriləcək oyunda meydana çıxa biləcəksiniz?
- Beş gün fərdi məşq etdim. Dünən isə Lissabonda komanda ilə birgə son hazırlığa qatıldım. Düzdür, zədəm tam sağalmayıb. Böyük ehtimalla, “Eyndhoven”lə oyunda iştirak edəcəm.

- Komandada ab-hava necədir?
- Hər şey qaydasındadır. Uşaqlar ilk oyunu gözləyirlər. Bura mərhələ adlamaq üçün gəlmişik. Heyətdə başqa zədəli yoxdur. Düşünürəm ki, uğurlu start götürəcəyik.

- İlk oyundakı rəqib “Eyndhoven”dir. Bu komanda haqda nə bilirsiniz?
- Onlarla 2 dəfə qarşılaşmışıq. Hər iki qarşılaşmada qələbə qazanan biz olmuşuq. Matçların biri 5:3, digəri isə 4:3 hesabı ilə başa çatıb. Güclü komandadır. Heyətlərində fərdi keyfiyyətlərinə görə fərqlənən oyunçular var. Birinci oyunlar adətən çətin keçir. Çalışacağıq ki, qələbə ilə başlayaq.

- Əvvəlki iki qələbə qismən də olsa, meydana rahat çıxacağınıza zəmin yarada bilərmi?
- Qətiyyən. Hər bir turnir yeni yarışdır. Tapşırıq qoyulub. Məqsədimiz növbəti mərhələyə adlamaqdır. İstəyirik ki, böyük hesabla qalib gələk. Çünki yekunda bu bizə lazım ola bilər.

- Hollandiya çempionuna qarşı xüsusi plan hazırlanıbmı?
- Baş məşqçi tədbiri əldən vermək istəmir. Nə etmək istədiyini oyun ərəfəsində bizə açıqlayacaq.

- “Dördlər finalı”na adlamaq üçün “Araz”ın real şansı varmı?
- Yaxşı şansımız var. Fikrimcə, əsas mübarizə bizimlə yanaşı, “Dyor” və “Sportinq” arasında gedəcək. “Eyndhoven” bir qədər geridə qalır. Heç bir komandaya asan olmayacaq.

- Oyunların Portuqaliyada keçirilməsi “Sportinq”in şanslarının artırırmı?
- Əlbəttə, öz meydanında oynamaq hər zaman üstünlük sayılıb. Amma yekunda hər şey bilinəcək. Görək oyunların burda keçirilməsi hansı komanda üçün düşərli olacaq.