“Qəbələ” qış fasiləsinə lider kimi yollanmaq gücündədir”
21.11.2013 - 15:11
“Qəbələ” qış fasiləsinə lider kimi yollanmaq gücündədir”
“Bizim klubun “Acıbadem”lə müqaviləsi var. Mən məşqlərin birində zədələndim və bu klinikaya əməliyyat olunmağa göndərildim”. Bu sözləri apasport.az saytına “Qəbələ” klubunun müdafiəçisi Rail Məlikov deyib.

Bu gün “Acıbadem Xəstəxanalar Qrupu”nun Bakı Mərkəzinin açılış mərasimi olub.

Tədbirdə iştirak edən Məlikov əməkdaşımızla söhbətində təəssüratlarını bölüşüb. Bu ilin sentyabr ayında "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunan əyalət klubunun vitse-kapitanı meydana qayıdacağı günü gözləyir: “Əməliyyat olunduqdan sonra hər ay bərpa kursu keçməyə gedirəm. Orada bir həftə qaldım. Şərait çox yüksək səviyyədədir. “Acıbadem”dən mənə xüsusi proqram verilib, ona uyğun çalışıram. İnşallah, yanvar ayında təlim-məşq toplanışlarında komanda ilə bir yerdə olacağam”.

“Qəbələ”nin cari çempionatdakı çıxışından da söz açan millimizin sabiq üzvü oyunları kənardan izləməyin onun üçün çətin olduğunu bildirib: “Komandanın oyunlarını qıraqdan izləmək çətindir. Xüsusən də, məğlub olanda adama pis təsir edir. Növbəti tur AZAL-la oynayırıq. İnanıram ki, qələbə qazanacağıq. “Qəbələ” qış fasiləsinə lider kimi yollanmaq gücündədir”.