Millimiz üçün rəqib seçimində dəyişən nədir?
21.11.2013 - 15:25
Millimiz üçün rəqib seçimində dəyişən nədir?
Azərbaycan millisi başa çatmaqda olan 2013-cü ildə keçirməli olduğu oyunlarını sona çatdırıb. Yığmamız il ərzində 6 seçmə və 6 yoxlama görüşü keçirib.

Apasport.az saytı AFFA-nın komandamız üçün yoxlama oyunlarındakı rəqib seçimini əvvəlki illərlə müqayisə edib.

Bunun üçün rəqibin oyun öncəsi açıqlanan son FİFA reytinqindəki yeri əsas götürülüb. Bu siyahılara əsasən 2013-cü ildə millimizlə yoxlama oyunu keçirən ən güclü rəqib Özbəkistandır. Rəqibimiz qarşılaşma zamanı planetin 56-cısı idi.

6 gün əvvəl qarşılaşdığımız Estoniya yığması da ilk 100 komanda arasında yer alıb. Baltikyanı ölkə təmsilçisi dünya 99-cusu kimi önümüzə çıxıb. Digər 4 rəqib isə 2-ci “100-lüy”ü təmsil edir. Ən zəif rəqibimiz isə Lixtenşteyn olub. “Cırtdanlar” qarşımıza çıxanda hətta 4-cü “50-lik”dən gəlmişdi. Onlar fevralda 156-cı idi. Yoldaşlıq oyunlarındakı rəqiblərimizin orta mövqeyini hesabladıqda isə bu rəqəm 116-ya bərabər olur.

1 fevral. YO. Dubay. Azərbaycan – Özbəkistan 0:0 (56)
6 fevral. YO. Dubay. Azərbaycan – Lixtenşteyn 1:0 (154)
29 may. YO. Doha. Qətər – Azərbaycan 1:1 (101)
14 avqust. YO. Bakı. Azərbaycan – Malta 3:0 (134)
15 noyabr. YO. Tallinn. Estoniya – Azərbaycan 2:1 (99)
19 noyabr. YO. Bişkek. Qırğızıstan – Azərbaycan – 0:0 (150)


Bu rəqəmi əvvəlkilərlə müqayisə edək. 2012-ci ildəki yoxlama oyunlarında rəqiblərimizin orta reytinqə 134-ə bərabər idi. Deməli, 2013-də ötən illə müqayisədə daha yaxşı komandalarla qarşılaşmışıq. Ötən il yalnız 1 rəqib ilk “100-lük”dən idi. Bir yığma isə hətta 3-cü “100-lük”dən “tapılmışdı”.

Berti Foqtsun millimizdə çalışdığı əvvəlki 4 ilə baxsaq görərik ki, əslində, son 2 ildə rəqiblərimizin səviyyəsi çox aşağı düşüb. Çünki 2008-12-ci illərdə AFFA milli üçün daha güclü rəqiblər tapırdı. Yoxlama oyunları keçirdiyimiz yığmaların orta reytinqlərini hesablasaq, 2008-ci ildə bu rəqəm 89-a, 2009-da 53-ə, 2010-da 76-ya, 2011-də isə 68-ə bərabər olub.