Dərdimizə bax, “Dordoy”!
22.11.2013 - 12:35
Dərdimizə bax, “Dordoy”!
“Dordoy”la heç-heçə oynayan millimiz 3 gündür vətənə dönüb. Əslində, bu yazını elə 3 gün əvvəl, qazaxıstanlı hakim final fitini səsləndirdikdən sonra da yaza bilərdim. Sadəcə gözlədim, qoy emosiyalar yatsın!!!

Deyəsən, heç emosiya-filan da olmadı axı? Sualınızı təbii qarşılayıram: oyun var idi ki, emosiya da olsun? Bəs oyun niyə yox idi? Hə, bax, millimizin baş məşqçisi Berti müəllim özü də etiraf edir ki, futbolçular 60 dəqiqə meydanda gəzişdilər. Bir də, sona 20 dəqiqə qalmış ayıldılar ki, Bişkekə gəzməyə gəlməyiblər. Nə olsun ki, qarşılarındakı “Dordoy”un futbolçularıdı.

Hə, bu “Dordoy” Qırğızıstanın ən güclü komandasıdır. "Abdış-Ata" ilə birgə Qırğızıstanın ən bərk gedən klublarıdır. Bu “Dordoy” ki var… Bişkekdə böyük bir bazarın adıdır. Qırğızlar bu bazara ad da qoyublar, biləsiniz – “Dordoy Respublikası”. Bazar o qədər böyükdür ki, az qala ölkənin yarısı burdan dolanır. Elə bayaq nahaq yerə yazmadıq ki, “Dordoy”la heç-heçə oynayan millimiz. “Dordoy” qırğızların həm də fəxarət yeridir, qürur, qazanc mənbəyidir.

Amma nə olsun, bütün bunlara rəğmən, qırğızlar zarafatla öz oyunçularına “bazar uşaqları” ləqəbini də veriblər. Elə bu bazar uşaqları bizim uşaqları bazardan əliboş geri göndərdilər. Hər üzdə bazarın “cikini-biki”ni bilən azərbaycanlıları...

Bu oyun qırğızlar üçün önəmsiz deyildi. “Dordoy”lar sonuncu dəfə UEFA üzvü olan yığma ilə nə vaxt oynadıqlarını özləri də unudublar. Əslində, inanın, Bişkek görüşündə FİFA-nın reytinq siyahısında 150-ci olan qırğızları hansısa reytinq xalı yığmaq-filan da maraqlandırmırdı. Qırğızlar bəlkə də bir Avropa yığması ilə qarşılaşdıqlarını böyük önəm verirdilər.

Nə olsun, Avropanın sonuncularındandır, nə olsun adı Azərbaycandır, nə olsun ki, bu yığmanın analoqu yoxdur - çünki uduzanda da mükafat alır - “zato”, UEFA-nın üzvüdür. El dili ilə desək, yuxarıdan gəlib. Amma 90 dəqiqə kifayət etdi ki, bu yuxarıdan gedən uşaqları təpəsi üstə yerə vurdular.

“Bu, futboldur” deyənləri anlayıram. Uduzmaq, lap Oserdən də betər faciə yaşamaq mümkündür. Amma sonacan mübarizə aparıb, daha 90 dəqiqənin tamamını gözləyə-gözləyə yox.

Qırğızlarla oyun həm də onu sübut elədi ki, bizdə futbola sözün həqiqi mənasında peşəkar baxış formalaşmayıb. Necə deyərlər, hər şey “qaloçka” xətirinədir. Adama elə gəlir ki, başda Foqts olmaqla futbolçulardan tutmuş lap həmin o masajçıya qədər hamı 90 dəqiqənin iztirabını çəkir. Mən bilmirəm, qırğızlarla oyundan sonra milli üzvlərinə mükafat veriləcək , ya yox. Yəqin ki, hə. Çünki, Uelsə minimal hesabla uduzduğuna görə, mükafat alan oyunçulara böyük ehtimalla uğurlu Bişkek heç-heçəsindən sonra da nəsə veriləcək. Halal xoşları olsun, başqasının pulunu saymaqla nə işimiz?

Bizi maraqlandıran başqa məsələdir. Görəsən, həmin pulu nəyə görə alacaqlarının necə, fərqində olacaqlarmı? Bax, dərd budur. Dərdimizə bax da, “Dardoy”...

Səbuhi MƏMMƏDLİ