Zaur Həşimov: Düzdü, pulumuzu kəsiblər - MÜSAHİBƏ
22.11.2013 - 13:08
Zaur Həşimov: Düzdü, pulumuzu kəsiblər - MÜSAHİBƏ
“Sumqayıt”ın futbolçusu Zaur Həşimov karyerasını bitirmək qərarına gəlib. Milli komandamızın 32 yaşlı sabiq mərkəz müdafiəçisi apasport.az saytına verdiyi müsahibəsində bunun səbəblərini açıqlayıb.

- “Sumqayıt”dan ayrılmağınız gözlənilməz oldu...
- Bu, sizin üçün gözlənilməz oldu. Ancaq qərarımı çoxdan vermişdim.

- Bilirdik ki, “Sumqayıt”da maliyyə problemləri var. Sırf bu üzdən komandadan ayrıldınız?
- Yox, ayrılmağımda maliyyə problemlərinin rolu olmayıb. Seçim özümə məxsusdur. Mən məşqçilik kurslarına qatılmağı çoxdan istəyirdim. Ona görə də “Sumqayıt”da vaxt itirmək istəmirdim. Milli komandada oynadığım üçün C kateqoriyasını oxumaya bilərəm. Ancaq özüm istəyirəm ki, sıfırdan oxumağa başlayım, yavaş-yavaş, öyrənə-öyrənə kateqoriyaları qalxım.

- Qərarı çoxdan vermişdinizsə, məhz niyə klubdan indi ayrıldınız?
- Məqamı gözləyirdim. “Sumqayıt”a keçəndə də bilirdim ki, orda maliyyə vəziyyəti nə yerdədir. Bu kluba pul qazanmaq niyyəti ilə getməmişdim. Kamran müəllimlə (“Sumqayıt”ın prezidenti Kamran Quliyevi nəzərdə tutur – S.T.) danışığımız olmuşdu. “Qarabağ”dan ayrıldıqdan sonra sumqayıtlı olduğum üçün bu kluba keçdim. Bəlkə də yeganə sumqayıtlı idim ki, bu şəhərdə doğulsam da, buranın klubunda, futbol məktəbində heç vaxt oynamamışdım. Bir sözlə, “Sumqayıt”a keçidim pula görə deyildi.

- Klubdan ayrılmağınızın səbəblərindən biri də komandanın autsayder olması deyildi ki? Çünki “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ” kimi ölkənin iddialı klublarından sonra aşağı dəstəyə düşməmək üçün mübarizə aparan “Sumqayıt”da oynamaq nüfuza xələl gətirə bilərdi...
- Yox. Bu, səbəb deyil. Mənim ora getməkdə məqsədim nə idi? Həm oynamaq, həm də təcrübəli oyunçu kimi bu komandaya kömək etmək. Ancaq həyatda hər şey olur. Bu klubda zədələndim, karyeram alınmadı. Gördüm ki, kömək edə bilmirəm, getmək qərarı verdim. Ən böyük səbəb budur.

- Maaşınızın 30 faizinin kəsildiyini bilirik. Pulunuz kəsilməsəydi də gedəcəkdiniz?
- Maaşımızın kəsilməsi doğrudur. Bunu yaxşı hal kimi qəbul etməsəm də, ancaq bu da səbəb deyil. Kəsilməsəydi də, gedəcəkdim. Maaş gününə kimi artıq klub prezidenti ilə söhbət də etmişdim. Sadəcə, sonuncu addımı atmaq qalmışdı. 2 gün əvvəl komandada sonuncu məşqimi keçdim və uşaqlarla vidalaşdım.

- Ancaq sizdən fərqli, Vüqar Əsgərovun komandadan ayrılması pula görə olub...
- Vallah, Vüqara görə dünən sizin həmkarlar mənə zəng etmişdi. Sonuncu məşqimi edəndə Vüqarı görmədim. Ondan əvvəlkində isə var idi. Ancaq onun komandadan ayrılmasını jurnalistlər mənə sual verəndə bilmişəm. Ona görə də bu haqda heç bir şey deyə bilmərəm.

- Klubda maliyyə vəziyyəti ilə bağlı nə deyilir?
- Ötən ay maaşın 30 faizi kəsilib. Uşaqlar buna narazılıq etmişdilər. Ancaq Kamran müəllim bizə əvvəlcədən demişdi ki, sonuncu pillədən qurtulmasanız, maaşınız kəsiləcək. Düzdür, buna mən də razı deyildim. Ancaq uşaqların bundan xəbəri vardı.

Səbuhi TOFİQOĞLU