“Foqtsun danışığından heç nə anlamaq olmur” - MÜSAHİBƏ
22.11.2013 - 14:05
“Foqtsun danışığından heç nə anlamaq olmur” - MÜSAHİBƏ
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-16) baş məşqçisi və əsas yığmada Berti Foqtsun köməkçisi olan Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- 17 yaşadək futbolçulardan ibarət yığmamıza rəhbərlik edəcəyiniz doğrudur?
- Bu il 1998-ci il təvəllüdlü uşaqlarla işləyirdim. Gələn il onların 17 yaşı olacağından, U-16 U-17 ilə əvəzlənəcək. Lakin hələ heç nə dəqiqləşməyib. Bildiyiniz kimi, mənim başqa işlərim də var. Həm əsas yığmada Berti Foqtsun köməkçisiyəm, həm məşqçi kurslarında seminarlar keçirəm. İşimi hansı istiqamətdə davam etdirəcəyimi bilmirəm. Çünki hər şey məndən asılı deyil. Ola bilər ki, Foqts əsas yığmada çalışmağa davam etməyimi istəsin. Lakin bundan ötrü hələ onun taleyinə aydınlıq gəlməlidir. Almaniyalı mütəxəssisin AFFA ilə yeni müqavilə məsələsi açıq qalıb.

- Siz fəaliyyətinizi hansı istiqamətdə davam etdirmək istəyərdiniz?
- Mənim daha maraqlı və vacib olan maarifləndirmədir. Hansı yaş qrupları ilə işləməyimin mənim üçün fərqi yoxdur. Önəmli olan biliyimi artırmaq, təcrübə toplamağımdır. Bir məşqçi kimi inkişaf etmək üçün bu mütləqdir. “Pro” lisenziyasını da qaçırtmaq istəmirəm.

- U-17-yə rəhbərlik etsəniz, ölkə xaricində top qovan futbolçularla bağlı seleksiya işi aparılacaq?
- 20 yaşa qədər bir futbolçunun potensialı daim açıla bilər. Ona görə də, axtarışlar, seleksiya işi mütləqdir. Hələ bilinmir hansı futbolçu əsas yığmaya düşəcək səviyyəyə gələcək. Baxırıq, hansı oyunçuda inkişaf görmürüksə, təkrar çağırmırıq. Ola bilər ki, gələn ilki heyət 50 faiz dəyişsin.

- Bəzən ölkə xaricində yaşayan gənclərin millimizə cəlb olunması prosesində ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan hallarla üzləşirik. Məsələn, Fatih Şanlının timsalında elə futbolçular olur ki, ömründə ilk dəfə Azərbaycana ayaq basır, sabah isə seçmə mərhələdə yığmamızın heyətində oyuna çıxır...
- Hansı futbolçunun Azərbaycana bu gün gəlib, sabah oyuna çıxdığını bilmirəm. Mənim komandamda elə şey olmayıb. Bizdə bir legioner vardı, Avstriyada yaşayan türk əsilli qapıçı. Yəqin ki, daha onu çağırmayacağam. Lakin ola bilər ki, bəzi mövqelərə ölkə xaricindən futbolçular gətirək. Təbii, ilk öz yerli və xaricdə yaşayan azərbaycanlılara baxacağıq. Məsələn, Rusiyada 2 soydaşımız var, onlara dəvət göndərəcəyik. Eləcə də, millimizin hücumçusu Rüfət Dadaşovun qardaşı Rinatı da gətirəcəyik. 1999-cu ilə təvəllüdlü olsa da, çox potensiallı oyunçudur.

- Estoniya və Qırğızıstan milliləri ilə oyunlarla bağlı yetərincə danışılıb. Sizdən bunu yox, hər kəs üçün maraqlı olan soruşacağıq: Berti Foqts qalır, yoxsa gedir?
- Qırğızıstanla oyundan sonra görüşüb, sağollaşdıq. Tam səmimi deyirəm, bu barədə söhbət olmadı. Həm də Foqtsdan bunu soruşmaq etik cəhətdən düz olmaz. Biz də sizin kimi necə olacağını gözləyirik. Mən də planlarımı buna uyğun quracağam.

- Düzdür, almaniyalı mütəxəssis bu barədə danışmaq istəmir. Lakin hər halda, onun yanında olan, davranışlarını yaxından izləyən bir şəxs kimi özünüz üçün nələrisə yəqin etmisiniz...
- İstəsəniz, and içə bilərəm ki, bilmirəm, qalır ya gedir. Foqtsun danışığından, duruşundan heç nə anlamaq olmur. Əvvəl necə idisə, indi də həmin adamdır.

- AFFA-nın təşkil etdiyi məşqçi kurslarında seminar keçən mütəxəssislərdən birisiniz. Sizin karyeranıza, savadınıza bələdik, orada olmağınıza kimsənin etirazı yoxdur. Lakin məsələn, dünənə qədər tərcüməçi işləyən bir şəxsin və ya Mozambikdə texniki direktor, eləcədə Malayziyanın “Perak” komandasında məşqçi işləmiş Torsten Şpittlerin bizim məşqçilərə dərs deməsi birmənalı qarşılanmır. Bu barədə nə deyə bilərsiniz?
- AFFA-nın təşkil etdiyi kurslarda savadlı mütəxəssislər çalışır. Tərcüməçi yəqin ki, Osman Rəhimovu nəzərdə tutursunuz. Siz “Pro” lisenziyalı məşqçilərimizdən Qurban Qurbanov, Arif Əsədov, Yaşar Vahabzadə və Təbriz Həsənovdan soruşsanız ki, Osmanın savadını necə qiymətləndirirsiniz, onlar deyəcəklər ki, Osman ən azı bizim qədər futbol biliklərinə sahibdir. Çox gözəl başa düşürəm, kənardan kimsə “dünənin tərcüməçisi bu gün gəlib dərs keçir” deyə bilər. Lakin sizi əmin edirəm ki, onun buna savadı çatır.

- Biz Osman Rəhimovun savadlı və ya savadsız olduğunu söyləmirik. Sadəcə, bəzi məşqçilər, futbol adamları bu məqamı dilə gətiriblər…
- Bunu bilirsiniz kimlər deyir? Başqa variantlara əl atıb, lisenziya alanlar. Siz özünüz də yaxşı bilirsiniz ki, harada lisenziyanı adama “pay” verirlər. Yeri gəlmişkən, UEFA həmin lisenziyaların bəzilərini ləğv edib. Orada kateqoriya alıb, burdakı kursların təşkili ilə bağlı tənqidi fikirlər səsləndirmək düz deyil. Əvvəlcə kursda iştirak etməlisən ki, kimin savadlı, kimin savadsız olduğunu söyləyəsən.


ŞAMO