Toşakın “fantastik uğuru”: 27 gündə 3 biabırçılıq!
22.11.2013 - 16:31
Toşakın “fantastik uğuru”: 27 gündə 3 biabırçılıq!
“Xəzər Lənkəran” cari mövsümdə 4-cü dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” tarixinin ən uğursuz mövsümündəki antirekordunu daha da pisləşdiriblər.

Topaz Premyer Liqasının XIV turunun “Bakı” ilə səfər qarşılaşmasında qapısından 3 cavabsız qol buraxan cənub təmsilçisi mövsümün arada qalan hissəsində 1 dəfə Avropa Liqası, 3 dəfə çempionatda acınacaqlı yenilgi alıb. Çempionatdakı darmadağınlar isə cəmi 27 gün ərzində gerçəkləşib. Oktyabrın 27-də “Qarabağ”a 0:3, noyabrın 2-də “Neftçi”yə 1:4 hesabı ilə uduzan Con Toşakın yetirmələri “Xəzər Lənkəran” tarixinin görünməmiş uğursuzluğunu yaşamaqdadır.

Ümumilikdə, əsası 2004-cü ildə qoyulan klub bu müddətdə 9-cu dəfə böyük hesabla uduzub. Əvvəlki 9 mövsümdə 5 belə üzüntüsü olan cənublular son 4 ayda 4-cü dəfə azarkeşlərinə məyusluq yaşadır.

Bu 9 darmadağından 6-sı çempionat, 2-ci avrokubok, 1-i ölkə kubokuna təsadüf edib. 7-ci dəfə səfərdə meydanı başıaşağı tərk edən komanda doğma divarlar arasında yalnız 2 dəfə böyük hesabla məyus olub.

Ötən mövsümdə də “Xəzər Lənkəran”ı böyük hesabla məğlub edən “Bakı” isə “Neftçi”nin rekorduna şərik olub. Paytaxtın eyniadlı təmsilçisinə qədər yalnız “ağ-qaralar” cənubluları 2 dəfə böyük hesabla udmuşdu.

“Xəzər Lənkəran”ın böyükhesablı məğlubiyyətləri

2005/06 mövsümü, Azərbaycan kubok
07.05.2006. KARVAN (Yevlax) - 0:3

2008/09 mövsümü, UEFA kuboku
31.07.2008. LEX (Polşa) - 1:4

2010/11 mövsümü, Premyer Liqa
17.10.2010. GƏNCƏ (Gəncə) - 1:4

2011/12 mövsümü, Premyer Liqa
06.11.2011. NEFTÇİ (Bakı) - 0:5

2011/12 mövsümü, Premyer Liqa
14.04.2012. BAKI (Bakı) - 1:4

2013/14 mövsümü, Avropa Liqası
25.07.2013. MAKKABİ (Hayfa, İsrail) – 0:8

2013/14 mövsümü, Premyer Liqa
27.10.2013. QARABAĞ (Ağdam) – 0:3

2013/14 mövsümü, Premyer Liqa
02.11.2013. NEFTÇİ (Bakı) – 1:4

2013/14 mövsümü, Premyer Liqa
22.11.2013. BAKI – 0:3