“Xəzər Lənkəran” üzərindəki qələbə bizdə özünə əminlik yaradacaq”
22.11.2013 - 18:04
“Xəzər Lənkəran” üzərindəki qələbə bizdə özünə əminlik yaradacaq”
“Bu gün çox sevincliyik. Çünki çox vacib qələbə qazandıq. Turnir cədvəlində xallarımızı yüksəldib, ilk “üçlüy”ə çatmaq imkanı əldə etdik. Qələbə bizə növbəti turlar üçün özünə əminlik yaradacaq”. Bunu apasport.az saytına “Bakı”nın yarımmüdafiəçisi Lukas Horvat deyib.

Sloveniyalı mərkəz yarımmüdafiəçisi bu gün “Xəzər Lənkəran”la keçirilən oyunun iştirakçılarından olub.

İlk hissədə “Bakı” yaxşı təsir bağışlamasa da, futbolçu bu fikri yaxına buraxmır: “Birinci hissədə zəif çıxış etdiyimizlə bağlı fikirləri qəbul etmirəm. Biz ilk 45 dəqiqədə “Xəzər Lənkəran”dan yaxşı çıxış etdik. Qol vurmaq şanslarımız olsa da, sadəcə fərqlənə bilmədik. İkinci hissədə isə təhlükəli vəziyyətlərimizi qola çevirə bildik”.

28 yaşlı futbolçu qarşıdakı “İnter”lə derbi matçına da qələbə ilə çıxacaqlarını bildirib: “İnter” yaxşı komandadır. Bu oyunun derbi olduğunu bilirik. Buna baxmayaraq, qələbə seriyamızı davam etdirib turnir cədvəlində daha da yuxarı pillələrə qalxmağa çalışacağıq”.

Qeyd edək ki, “Bakı” bu gün doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ı 3:0 hesabı ilə məğlub edib.