“Əskişəhərspor”dan millimizin futbolçusu ilə bağlı rəsmi açıqlama
04.12.2013 - 15:52
“Əskişəhərspor”dan millimizin futbolçusu ilə bağlı rəsmi açıqlama
“Ufuk Budakın əsas komandadan uzaqlaşdırılması doğrudur. Ancaq bunun səbəblərini mən bilmirəm. Görünür, baş məşqçi durumunu yetərli görmədiyi Budaka ehtiyac duymayıb”. Bunu apasport.az saytına “Əskişəhərspor”un İdarə Heyətinin üzvü Bəkir Sıtkı Saraç deyib.

Milli komandamızın müdafiəçisi Ufuk Budak ötən ilin iyunun 23-də Türkiyə Superliqa təmsilçisi “Əskişəhərspor”la 3 illik müqavilə bağlasa da, hələ də debüt etməyib. Baş məşqçi Ərtoğrul Sağlamın gəlişindən sonra isə Budak nəinki oynamaq, hətta əsas komandada məşq etməkdən də məhrum olub. Almaniya doğumlu futbolçu gününü “Əskişəhərspor”un əvəzedici komandasında oynamaqla keçirir.

Sonuncu dəfə millimizin Bakıdakı açıq məşqlərindən birində əsas komandadan uzaqlaşdırıldığını təsdiqləyən Ufuk qışda “Əskişəhərspor”la müqaviləsini pozub yeni bir kluba transfer oluna biləcəyi işarəsini vermişdi. Bəs görəsən, onun əsas komandaya lazım olmamağının səbəbi nədir?

“Əskişəhərspor”un əvəzedici komandasının vəziyyəti turnir cədvəlində acınacaqlı vəziyyətdədir. Ona görə də Sağlam əsas komandadan bəzi oyunçuların ora kömək etməsini istəmişdi. Ufukla yanaşı, braziliyalı müdafiəçimiz Dede və başqa əsas heyət üzvləri də əvəzedicilərə kömək etməyə göndərilmişdi” – deyə, Saraç bildirib.

Ancaq klub rəsmisinə Budakın Bakıda verdiyi açıqlamasını diqqətinə çatdırınca, Saraç belə dedi: “Futbolçu əsas komanda ilə artıq məşq etmir. Baş məşqçi ilə əlaqə saxlasanız, sizə açıqlama verər. Ancaq inanmıram ki, onunla Ərtuğrul Sağlam arasında hər hansısa bir qalmaqal yaşansın və buna görə əsas komandadan uzaqlaşdırılsın”.

Səbuhi TOFİQOĞLU