Yuri Syomin: Elə bil ki, hər şey məhv oldu
04.12.2013 - 16:52
Yuri Syomin: Elə bil ki, hər şey məhv oldu
“Nəticə xeyrimizə olsa da, oyunun gedişindən heç də razı qalmadım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan”la oyunu haqda fikirlərini açıqlayan Syomin 2:1 hesabı ilə qalib gəldikləri görüşün axarından narazı qalıb: “Komanda heyətimizdə gənclər çox idi. Lorenzo Ebesilionu dəyişdikdən sonra elə bil ki, hər şey məhv oldu, sanki oyun onun üzərində qurulmuşdu. Rəqib komandanı da çempionat oyunlarında analiz etməmişdik”.

“Mil-Muğan”ın baş məşqçisi Mətləb Məmmədov isə həmkarından fərqli, matçdan məmnun qalıb: “Azərbaycanın səviyyəli komandasına qarşı oynadıq. Əzmlə, istəklə oynamaq bugünkü hesabın böyük olmamağına gətirib çıxartdı. Qapıçımızın qırmızı vərəqə almağı da təsir elədi. Bəlkə də qırmızı vərəqə almasa idi, oynamaq olardı, amma mən yenə də öz komandama “çox sağ ol” deyirəm. “Qəbələ”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.

Qeyd edək ki, “Qəbələ”nin 1/4 final mərhələsində “Qarabağ” - AZAL qarşılaşmasının qalibi ilə görüşəcək.