Udan da razı, uduzan da
04.12.2013 - 17:18
Udan da razı, uduzan da
“Çətin oyun olmasına baxmayaraq, üstün tərəf biz idik. Oyunçularımdan razıyam. O zaman narazı olardım ki, hücum olmazdı, üstün oynamazlardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Azərbaycan kuboku 1/8 final mərhələsinin oyunları çərçivəsində “Bakı” “Sumqayıt”la qarşılaşdı. Aqil Məmmədovun yetirmələrini 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçiləri 1/4 final mərhələsində “Rəvan” klubu ilə qarşılaşacaq.

Pantiç bildirib ki, bu görüşün gələn ilin martında keçirilməsi ürəyincədir: “Ən azından arxayınam ki, qışdan sonra da oynayacağıq. Birinci qol onların səhvi olsa da, ikinci qolu yenə də vurduq”.

Maraqlıdır ki, məğlub olaraq, mübarizəni dayandıran “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov da komandasından razı qalıb: “Çətin oyun oldu, komandadan narazı deyiləm. Çünki “Neftçi” ilə oyundan qaynaqlanan yorğunluq hiss edilirdi. Həmin oyunda bütün güclərini sərf etmişdilər”.

Mənbə: pfl.az