“Hakim mənə hər iki sarı vərəqəni səhvən göstərdi”
05.12.2013 - 10:19
“Hakim mənə hər iki sarı vərəqəni səhvən göstərdi”
“Qırmızı vərəqə almağım komandamızın oyununa mənfi təsir etdi. Azlıqda qaldıq. Ancaq hakim mənə hər iki sarı vərəqəni səhvən göstərdi”. Bunu apasport.az saytına AZAL-ın sol cinah müdafiəçisi Aleksandr Şemonayev deyib.

“Qarabağ” cari mövsüm çempionatda yeganə yenilgisini “Bakcell Arena”da AZAL-a görüşdə alıb (0:1). Maraqlıdır ki, “AZAL Arena”da da meydan sahiblərini məğlub etmək mümkün olmayıb (1:1). Bu səbəbdən ölkə kubokunun 1/4 final matçında Ağdam təmsilçisinin mərhələ keçəcəyi maraqla gözlənilirdi.

Elə matçın baş hakimi Ramil Diniyevi 64-cü dəqiqədə Şemonayevi 2-ci sarı vərəqə ilə qovmasına kimi, hansı komandanın qələbə qazanacağı bilinmirdi. Bundan 3 dəqiqə sonra meydana çıxan Reynaldonun 12 dəqiqəyə qələbə topunu vurması isə cütlüyün taleyinin həll olunmasına səbəb oldu.

Yayda “Simurq”dan AZAL-a keçən Şemonayev Diniyevin qərarlarının yanlış olduğunu düşünür: “İlk sarı vərəqəni alanda, məni yıxmışdılar. Hakim isə bunu simulyasiya kimi qiymətləndirdi. 2-ci dəfə isə Maksim Medvedevi görməmişdim. Yəni, bu hərəkəti ona qarşı qəsdən etməmişdim. Azlıqda olmasaydıq, son dəqiqələrə kimi mərhələ qazanmaq şanslarımız vardı. Bundan sonra bütün gücümüzü çempionata yönəldəcəyik. Burda isə ancaq qələbə qazanmalıyıq ki, avrokuboklara gedən yerlərdən birini tutaq”.

Qeyd edək ki, Aleksandr Şemonayev “Qarabağ”la keçirilən əvvəlki 2 görüşdə də sarı vərəqə almışdı. Özü də bu sarı vərəqələrdən birincisini ona məhz Ramil Diniyev göstərmişdi.

Səbuhi TOFİQOĞLU