Polşa yığması yanvarın 20-də millimizlə yoldaşlıq oyunu keçirmək istəyir
05.12.2013 - 15:58
Polşa yığması yanvarın 20-də millimizlə yoldaşlıq oyunu keçirmək istəyir
Azərbaycan millisi Polşa ilə yoldaşlıq oyunu keçirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Polşa mətbuatı xəbər yayıb.

Yeni baş məşqçi Adam Navalka artıq gələn ay yetirmələrini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təlim-toplanışına aparacaq. Həmin hazırlıq çərçivəsində isə milli Norveç və Azərbaycanla qarşılaşacaq.

Son illər qış toplanışını Ərəbistan yarımadasında keçirən yığmamızın həqiqətən də yenidən ora yollanması mümkündür.

Düzdür, hələ bu haqda açıqlama verilməyib. Lakin bunu istisna etmək də olmaz. Polşalıların iddiasına əsasən, ölkənin əsas komandası skandinaviyalılarla yanvarın 18-də, millimizlə isə 2 gün sonra qarşılaşacaq. Adətən fevralda bir araya gələn yığmamızın yanvarın 20-də meydana çıxması inandırıcı olmasa da, qarşılaşmanın bir neçə gün sonraya çəkilməsini ehtimal etmək olar.

Üstəlik, həmin vaxt BƏƏ-də olacaq Norveçlə də əlavə matç keçirmək perspektivi yarana bilər. Polşalıların həmin toplanışa yalnız yerli çempionatda çıxış edən futbolçularla yollanacağı da məlumdur.