Nizami Hacıyevin yerinə yaponiyalı
06.12.2013 - 11:05
Nizami Hacıyevin yerinə yaponiyalı
Azərbaycan yığmasının üzvü Nizami Hacıyevin “Poqon” klubuna keçməsində problem yaranıb. Apasport.az saytı Polşa mətbuatına istinadən xəbər verir ki, Şetsin təmsilçisinin məşqçiləri həmyerlimizin əvəzinə başqa futbolçu sınayırlar. Həmkarlarımız bunu ötən həftə baxışda olan Hacıyevin özünü doğrulda bilməməyi ilə izah edirlər.

Elə bu üzdən də komanda rəhbərliyi gücləndirmək istədiyi yarımmüdafiə xəttinə yaponiyalı Minori Satonu dəvət edib. Lakin Belarusun “Dinamo” (Brest) klubundan gələn asiyalı da baxışdadır. 22 yaşlı Minori Nizamidən yaxşı olduğunu sübut etsə, həmyerlimizin transferi arxa plana keçəcək. Əks halda, ötən qışda da “Poqon”un düşərgəsinə yollanan Nizaminin legioner həyatı yaşaması istisna deyil.

Qeyd edək ki, Polşa çempionatının arxada qalan 19 turundan sonra 5-ci olan “Poqon” avrokuboklara vəsiqə uğrunda mübarizə aparır.