Didye Droqba “Qalatasaray”dan gedir
06.12.2013 - 14:27
Didye Droqba “Qalatasaray”dan gedir
Hollandiyalı Uesli Sneyderdən sonra daha bir ulduz futbolçu “Qalatasaray”dan ayrılmağa qərar verib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kot d`İuvar millisinin lideri Didye Droqba İstanbul təmsilçisi ilə yola davam etməkdə maraqlı deyil.

Ötən mövsüm qış fasiləsində Çinin “Şanxay Şenxua” klubundan “Qalatasaray”a keçən təcrübəli hücumçu xoşbəxt olmadığını və gələn təklifləri dəyərləndirəcəyini söyləyib:
“Çindən rəqabətdən uzaqlaşdığım və müqaviləmdəki şərtlər yerinə yetirilmədiyi üçün ayrıldım. “Qalatasaray”ın təklifi çox cəlbedici idi. Üstəlik, Çempionlar Liqası məni çağırırdı. Ötən mövsüm oynadığım futboldan və etdiklərimdən zövq aldım. Ancaq bu il işlər düşündüyümüz kimi getmir. Mənim üçün ən önəmlisi qərarlaşdığım yerdə xoşbəxt olmaqdır. Xoşbəxt deyiləm. Komandadakı problemlər də əhvalıma mənfi təsir göstərir. Bu səbəbdən gələcək təklifləri dəyərləndirməyə qərar verdim”.

Qeyd edək ki, Didye Droqbanın “Qalatasaray”la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.