“Lazım gəlsə, təyyarəyə də minərəm, təki iş olsun” - MÜSAHİBƏ
06.12.2013 - 15:39
“Lazım gəlsə, təyyarəyə də minərəm, təki iş olsun” - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- PRO kateqoriyanızın müddətini uzatmaq üçün yollandığınız Ukraynadan hansı təəssüratlarla qayıtmısınız?
- Bildiyiniz kimi, lisenziyanın müddətini daha 3 il artırmaq üçün Dnepropetrovsk şəhərində təşkil edilən kurslarda iştirak edirdim. “İnter” və “Simurq”un gürcü baş məşqçiləri Kaxaber Sxadadze ilə Georgi Çixradze, eləcə də, Ramiz Məmmədov və Elxan Abdullyevlə birlikdə idik. Yeniliklərlə tanış olduq, hər şey çox uğurlu alındı. İndi qalır iş tapmaq.

- Azərbaycanda hələlik vakant yer yoxdur. Bəlkə, getmişkən elə Ukraynada özünüzə iş tapaydınız?
- Azərbaycan futbolu o səviyyədə inkişaf etməyib ki, məşqçilərimiz xaricdə özlərinə rahat iş tapsınlar. Gərək futbol ölkəsi olasan, tanınasan ki, tələbat olsun.

- Xaricdə işləməkdə maraqlısınız?
- Əlbəttə, o nə sözdür? Uyğun variant olsa, məmnuniyyətlə razılaşaram. Ancaq dediyim kimi, Azərbaycan futbol ölkəsi kimi tanınmayıb. Digər tərəfdən, yaxşı menecer də lazımdır.

- Bilirsiniz niyə soruşuram: axı sizin təyyarəyə minməklə bağlı probleminiz var...
- Mən ancaq qatar və ya avtobusla getmək mümkün olduğu halda təyyarəyə minmirəm. Məcbur qalandan sonra əlacım nədir? Lazım gəlsə, təyyarəyə də minərəm, təki iş olsun (gülür).

- Yaxın vaxtlarda real təklif olub?
- Bəli, iki təklif vardı – biri İrandan, digəri başqa ölkədən. Heç biri ilə razılıq əldə edilmədi.

- I divizionda necə, işləyərsiniz?
- Baxır komandanın məqsədinə.

- Məsələn, “Araz Naxçıvan” kimi klubda...
- Klubun qarşısında konkret məqsəd qoyulubsa, işləmək olar.

- Bəs “Kəpəz”də necə? Klubun prezidenti Mehman Allahverdiyev bizimlə söhbətində bildirib ki, “Kəpəz”in qapıları Yunis Hüseynov, Mahmud Qurbanov kimi gəncəlilərin üzünə açıqdır.
- Mehman müəllim yaxın dostumdur. Ehtiyac olarsa, “Kəpəz”i təmənnasız çalışdıraram, səmimi sözümdür.

- Ancaq təəssüf ki, “Xəzər Lənkəran” kimi ciddi klubda işləriniz alınmadı...
- Alınmadı deyəndə ki, çempionatı gümüş medalla başa vurduq. Növbəti mövsümün əvvəlində isə komandanı ikinci pillədə təhvil verdim. Sadəcə, transfer məsələsində yubandıq. Səhvim onda oldu. Həmin vaxt lazımı transferləri reallaşdıra bilsəydim, indi də işləyirdim.

- Yəni, Mustafa Dənizliyə uğur qazanmaq üçün sadəcə, yaxşı transferlər etmək lazımıdır?
- Başqa nə lazım olacaq ki? “Xəzər Lənkəran” hər cür imkanı, şəraiti olan ciddi klubdur. Dənizli isə adlı-sanlı məşqçidir, Türkiyədə dəfələrlə fərqli klublarla çempion olub. Onun “Xəzər Lənkəran”da ümidlərini doğrultmayacağı baxımından heç bir maneə görmürəm. Özündən əvvəlki məşqlərindən lazımı nəticə çıxardıb, Azərbaycanda sözünü deyəcəyinə inanıram.

ŞAMO