“Bu gedişlə ola bilsin, çinlilərə və ya yaponlara üstünlük verdim”
08.12.2013 - 11:39
“Bu gedişlə ola bilsin, çinlilərə və ya yaponlara üstünlük verdim”
“Sumqayıt”a qarşı oynamaq bizim üçün həmişə çətindir. Üstəlik, eyni komandaya qarşı ardıcıl iki oyun keçirəndə, qələbələri sıralamaq bir qədər də çətinləşir”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XVI turunda bu gün autsayder “Sumqayıt”la qarşılaşacaq. Bu barədə klubun saytına fikirlərini açıqlayan serbiyalı mütəxəssis rəqibdən ehtiyatlandığını söyləyib: “Sumqayıt” öz meydanında çıxış edəcək. Bu isə o deməkdir ki, ölkə kubokunun 1/8 finalında rəqibin göstərdiyi nisbətən qapalı taktiki sxemi unutmalıyıq. Bütün bunlar qarşılaşmanın mürəkkəbliyini artırır. “Sumqayıt” gənclərə üstünlük verdiyindən daha çox hücum qurur, təhlükə yaradır. Rəqib komanda azərbaycanlı futbolçulara üstünlük verir. Mən də yerli gənclərə şans yaradıram, amma tənqidlərlə rastlaşıram. Bu gedişlə ola bilsin, növbəti mövsüm çinlilərə və ya yaponlara üstünlük verdim (gülür). Çünki görürəm ki, bəziləri mənim oyunçu seçimlərimi bəyənmirlər. Düzdür, “Neftçi” və “Xəzər Lənkəran” kimi güclü komandalara çox qol vura bilirik. Lakin “Sumqayıt”la görüşlərdə 1 top fərqi ilə üstün oluruq. Bu ondan irəli gəlir ki, rəqibin heyətindəki gənclər daha çox əmək sərf edir. Hər biri çalışır ki, özünü yaxşı tərəfdən göstərsin və ölkənin daha güclü klublarına transfer olunsun. Özü də “Sumqayıt”ın elə futbolçuları var ki, daha iddialı komandalara keçmək üçün hazırdırlar”.