Yuri Syominin iradı
08.12.2013 - 16:47
Yuri Syominin iradı
Topaz Premyer Liqasının XVI turunun açılış oyununda “Qəbələ” öz meydanında “Simurq”la qarşılaşdı. Apasport.az saytının xəbərinə görə, Daniel Subotiçin dublu sayəsində son dəqiqədə 3 xalı qazanan “Qəbələ” turnir cədvəlində müvəqqəti də olsa, ilk pilləyə yüksəldi – 2:1.

Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini açıqlayıb: Georgi Çixradzenin (“Simurq”) fikrincə, buraxılan qoldan sonra təzyiqi artırsalar da, məğlubiyyətdən qaça bilməyiblər: “Baxımlı oyun izlədik. İkinci hissənin əvvəlində qapımızda qol gördük. Bundan sonra futbolçularımız təzyiqi artırdı. Rəqib futbolçunun öz qapısına vurduğu qolla olsa belə, hesabı bərabərləşdirdik. Son saniyələrdə buraxdığımız qol isə məğlub olmağımıza səbəb oldu”.

Yuri Syomin (“Qəbələ”) isə fasilədə futbolçulara irad bildirdiyini söyləyib: “Oyun iki fərqli hissədən ibarət idi. İlk hissəni çox pis oynadıq. Fasilədə komandaya iradımı bildirdim. İkinci hissədə isə komandanın oyunu tamam dəyişdi. Hücumlar qurduq, daha aqressiv oynadıq, layiqli qələbə qazandıq. “Simurq” çətin rəqibdir, müdafiədə yaxşı oynayır. Əbəs yerə deyil ki, digər komandalardan daha az top buraxıb. Bu komandaya qol vurmaq çox çətindir”. (pfl.az)