Mustafa Dənizli: Hakim səhvləri də futbolun bir gözəlliyidir
08.12.2013 - 19:20
Mustafa Dənizli: Hakim səhvləri də futbolun bir gözəlliyidir
“Bakıya 3 xal üçün gəlmişdik”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.

Cənub təmsilçisi Topaz Premyer Liqasının XVI turu çərçivəsində “İnter”in qonağı oldu. Çempionatımızda debüt matçından bərabərliklə ayrılan türkiyəli mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında nəticədən razı qaldığını bildirib: “Rəqibimiz yaxşı komandadır, son vaxtlar yüksəlişdədir. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaq idi. Komandamdan razı qalmasam da, sonadək mübarizə apardılar. Oyunboyu üstünlük bizdə idi. Ən azından, komandamda məğlub olmaq qorxusu yox idi. Hələlik komandanı tanımağa çalışıram. Hakimliyə gəlincə, o da bizim kimi insandı. İndiyədək ədalət təmsilçiləri haqda danışmamışam. Hər halda, hakim xətaları da futbolun bir gözəlliyidir. İdarəçiliyindən narazı qalmadım”.

Qeyd edək ki, qolsuz bərabərliklə başa çatan “İnter” – “Xəzər Lənkəran” matçının baş hakimi Əliyar Ağayev olub.