Nazim Süleymanov: ...hakim penalti təyin etməzdi
08.12.2013 - 20:26
Nazim Süleymanov: ...hakim penalti təyin etməzdi
“Oyun pis alınmadı, hər iki komanda hücumlar təşkil etdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

“Ağ-qaralar” Topaz Premyer Liqasının XVI turunu məğlubiyyətlə başa vurdu. Əzəli rəqibi “Qarabağ”a 1:3 hesabı ilə uduzduqdan sonra turnir cədvəlində birinci pillədən üçüncü yerə düşən paytaxt təmsilçisinin çalışdırıcısı futbolçularından narazı qalıb: “İlk qolda diqqətsiz oynadıq, rəqib əks-hücumda qapımıza qol vurdu. İkinci qolda da eyni hal təkrarlandı.

Üçüncü qolu isə 11 metrlik cərimə zərbəsindən buraxdıq. Qayda pozuntusu olmasa idi, hakim penalti təyin etməzdi. “Qarabağ”ın həm əsas, həm də ehtiyat qüvvəsi yaxşı futbolçulardan təşkil olunub. Ernest Nfor oyuna sonradan daxil olanda daha effektiv olur, bu dəfə də pis alınmadı. Futbolçunun fikri 90 dəqiqə ərzində meydanda olmalıdır. Futbolçu səhv edə bilər, amma nəticəyə təsir edən səhv olmamalıdır”.