“O, Namiq Yusifovla mübahisə edəndə dedim ki...” - MÜSAHİBƏ
09.12.2013 - 11:00
“O, Namiq Yusifovla mübahisə edəndə dedim ki...” - MÜSAHİBƏ
Topaz Premyer Liqasının XVI turunda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Əzəli rəqibiniz üzərində vacib qələbə qazandınız. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Gözəl və maraqlı görüş keçdi. Şükürlər olsun ki, qələbə qazandıq. Ancaq bu, hələ heç bir şey demək deyil. Çünki bizi qarşıda uzun marafon gözləyir.

- Digər oyunlarla müqayisədə Vüsal Əliyevin idarəçiliyində ciddi səhvlər olmadı. Hakimlik haqqında nə deyə bilərsiniz?
- Oyundan əvvəl, həm Rəşad Sadiqov, həm də mən hakimə dedik ki, heç kimə simpatiyanın bəslənməsini yox, maraqlı oyunun alınmasını istəyirik. Qoy, kimin qismətində varsa, o da qalib gəlsin. Elə Vüsal Əliyevin də oyunun nəticəsinə təsir edən səhvi olmadı. Sadəcə, meydanın mərkəzində kiçik səhvləri oldu ki, bunu da Vüsalın özü ilk hissə başa çatdıqdan sonra mənə də, Sadiqova da etiraf etdi. Ən əsası fikirləşirəm ki, gözəl oyun alındı və azarkeşlər matçdan həzz aldılar.

- Penalti epizodunda Mahir Şükürovla aranızda mübahisə yarandı. Buna aydınlıq gətirərdiniz...
- Orda elə oldu ki, Mahir Saşa Stamenkoviçin Çumbinyoya qarşı hərəkətini görmədi. O, Namiq Yusifovla mübahisə edəndə dedim ki, Mahir, heç həmin vəziyyəti görməmisən. O da bunu sonradan təsdiqlədi. Gülə-gülə, zarafatla bu məsələni bitirdik.

- Artıq "Qarabağ"ı qış çempionu hesab etmək olar?
- Hələ qarşıda ağır oyunlarımız var. Növbəti turda “Bakı” ilə görüşə ciddi itkilərlə çıxacağıq. Həmin oyunda iştirak edə bilməyəcəyəm. Çünki 4-cü sarı vərəqəmi aldım və qarşıdakı oyunu buraxmalı olacam. Ötən turdan sonra müsahibə verərkən də demişdim ki, 1 xal rəqiblərdən irəli və ya geri olmaq önəm kəsb etmir. Səhv etmirəmsə, qarşıda 20-yə yaxın oyun var.

- Flavinyonun bağışlanması gözlənilməz qərar oldu. Ola bilərmi ki, bu amil sizi oyuna daha da motivasiya etdi?
- Yox, bu amil motivasiyanı artırmadı. Belə oyunlar Flavinyo, Reynaldo, Riçisiz (Riçard Almeydanı nəzərdə tutur) maraqsız keçər. Tərəfdarıyam ki, bu cür görüşlərdə hər 2 komanda tam heyətlə oynasın. Flavinyonun bağışlanması bizə problem yaratmadı. Təbii ki, o, güclü futbolçudur və ona qarşı oynamaq çətindir. Bu baxımdan istəməzsən ki, oynamasın. Ancaq oynadısa, bu, futbol baxımından yaxşıdır.

- Mahir Şükürov yanacağın qiymətinin bahalaşması ilə bağlı deyib ki, SOCAR bizə pulsuz benzin verir. Millinin kapitanı kimi bu barədə nə deyə bilərsiniz?
- Fikrimcə, Mahir zarafat edib. Ümumiyyətlə, o, zarafatcıl oğlandır. SOCAR bizə havayı benzin vermir. Müqavilədə belə bir şey yoxdur. Özüm neçə il “Neftçi”də çıxış etmişəm, sponsorumuz da neft şirkəti olub. Ancaq heç vaxt bizə pulsuz benzin verilməyib.