Daniel Subotiç: Qol vurduğum oyunların hamısını 3 xalla başa vurmuşuq
09.12.2013 - 14:30
Daniel Subotiç: Qol vurduğum oyunların hamısını 3 xalla başa vurmuşuq
“İnanılmaz oyun idi. Mövsümdə ilk dublumu rəsmiləşdirdim. Qələbəyə görə çox sevincliyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”la matçda dubl etməklə “Qəbələ”yə qələbə qazandıran və mövsümdəki qollarının sayını 6-a çatdıran Daniel Subotiç deyib.

O, uğurlu statistikasının davam etməsinə görə şad olduğunu bildirib. Hücumçu klubunun rəsmi saytına matçın son saniyələrində vurduğu qola şərh verməyi də unutmayıb: “Komandamız ikinci hissədə xarakter nümayiş etdirdi. İlk qolu vursaq da, qapımızda şanssız şəkildə qol gördük. Amma ruhdan düşmədik, sona qədər döyüşdük. Düşünürəm ki, layiqli qələbə qazandıq. Komandam mənim qol vurduğum oyunların hamısını 3 xalla başa vurub. Bu uğurlu statistikanın davam etməsinə görə çox şadam. Önəmli olan komandamın qalib gəlməsidir”.

Subotiç qol vurmağa və qələbə qazanmağa davam edəcəyinə də inandığını deyib: “Simurq” üzərində qələbəmiz çox çətin və maraqlı alındı. Son anda qol vurmaq insana fərqli duyğular yaşadır. Matça 3 dəqiqə əlavə olundu, amma biz sona qədər qələbəmizə inandıq. Ebesilio ilə bir-birimizi çox gözəl başa düşürük. O, mənim əlverişli mövqedə olduğumu vaxtında gördü və gözəl ötürmə verdi. Mən də üzərimə düşəni etdim”.