Karlos Kardoso: İstirahətə ehtiyacımız var - MÜSAHİBƏ
10.12.2013 - 00:01
Karlos Kardoso: İstirahətə ehtiyacımız var - MÜSAHİBƏ
“Neftçi”nin braziliyalı mərkəz müdafiəçisi Karlos Kardoso XVI turun “Qarabağ”la səfər görüşündən sonra apasport.az saytına müsahibə verib.

- Çempionatın həlledici oyunlarından birində “Qarabağ”a məğlub oldunuz. Bu haqda nə deyə bilərsiniz?
- “Qarabağ” bizdən daha yaxşı oynadı. Ona görə də biz bu matça çox güc qoymalı olduq. Ancaq “Qarabağ” qələbəyə layiq idi. Qarşıdakı “Qəbələ” ilə oyunu fikirləşmək və irəli baxmaq lazımdır. Bu hələ hər şeyi itirməyimiz demək deyil. Hər şey qabaqdadır. Sadəcə, 2 komanda bizi turnir cədvəlində qabaqladı. Bu isə bizim üçün problem deyil. Qış fasiləsinə 2 oyunumuz qalıb. Hər 2 görüşdən 100 faizli nəticə ilə ayrılsaq, bu komandaları xal hesabında keçəcəyik. Dekabradək kimin 1-ci yerdə olması o qədər də önəm kəsb eləmir. Onlar bizdən 1-2 xal qabaqdadırsa, bu elə də böyük üstünlük deyil. Çempionatın yarısından başlamaq yeni çempionata başlamaq deməkdir. Əgər onlarla aramızda xal fərqi artmasa, onda bizim çempion olmaq şansımız çoxdur.

- İkinci hissədə “Qarabağ” sizdən üstün oynadı. Bu nə ilə əlaqədar idi?
- Məncə, “Qarabağ” bizimlə ilk hissədə daha yaxşı oynayırdı, nəinki fasilədən sonra. Sadəcə, ikinci hissədə onların 1-2 qol vəziyyəti oldu ki, rəqib futbolçular da bundan yararlanmağı bacardılar. Elə bilirəm ki, ikinci hissə bizim komanda daha yaxşı çıxış etdi.

- Mərkəz müdafiəçisi olsanız da, fasilədən sonra tez-tez hücuma qoşulurdunuz. Bu, vurduğunuz qoldan sonra özünəinamın formalaşmasından irəli gəlirdi, yoxsa baş məşqçinizin xüsusi tapşırığı idi?
- Yox, sadəcə bu, oyunun vəziyyətindən asılı idi. 0:1 hesabı ilə uduzurduq deyə irəli atırdım. Fərqləndiyim epizodda təşəbbüsü öz üzərimə götürüb qol vurdum. Baş məşqçi mənə demişdi ki, oyuna məsuliyyətlə çıx, topu çox itirmə.

- Bu qarşılaşmada qolları hər 2 komandanın heyətindəki braziliyalılar vurdu. Demək olarmı ki, görüşün ən yaxşıları elə həmyerliləriniz idi?
- Xeyr, mən bununla razı deyiləm. Çünki bizdə yerli futbolçular var ki, onların səviyyəsi çox üstündür. “Qarabağ”ın müdafiə xəttinə qol vursam da, məncə, çox yaxşı idi. Məsələn, bizdə də Araz Abdullayev çox yaxşı futbolçudur. O biri komandalarda da yaxşı yerli futbolçular var.

- Növbəti turda sizi yenə çətin oyun gözləyir. Bu dəfə “Qəbələ” ilə qarşılaşacaqsınız…
- Hazırda uduzmuşuq deyə istirahətə ehtiyacımız var. “Qarabağ”a yenilgi başımızdan çıxsın, ondan sonra “Qəbələ” haqqında fikirləşərik.

Səbuhi TOFİQOĞLU