Azərbaycan kuboku: Cəzalar açıqlandı
10.12.2013 - 13:06
Azərbaycan kuboku: Cəzalar açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən görüşlərdə qeydə alınan qanun pozuntularına hüquqi qiymət verilib.

“İnter” – “Şuşa” matçının 84-cü dəqiqəsində qonaq komandanın futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

“Simurq”la oyunda “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat məbləğində cərimə kəsilib. Oyunun 90+3-cü dəqiqəsində Zaqatala təmsilçisinin futbolçusu Tural Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub ona görə 200 manat cərimə ödəməli olacaq.

“Qarabağ” və AZAL-ın duelinin 64-cü dəqiqəsində isə “təyyarəçilər”in futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün analoji cəza və cərimə tətbiq edilib.

“Qaradağ Lökbatan” – “Rəvan” matçının 36-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Elçin Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzaya, 20 manat cəriməyə məruz qalıb.

“Mil-Muğan”la “Qəbələ”nin görüşündə, matçının 11-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı Çərkəz Həsənov isə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klubunu 400 manat ziyana salıb.