Azərbaycanlı məşqçi 5 oyunluq cəzalandırıldı
10.12.2013 - 13:17
Azərbaycanlı məşqçi 5 oyunluq cəzalandırıldı
AFFA İntizam Komitəsi bu gün əvəzedici komandaların və I dəstədə qeydə alınmış qayda pozuntuları ilə bağlı qərarlarını da açıqlayıb. Apasport.az saytının məlumatına görə, ən çox qayda pozuntusu əvəzedici heyətlərin XVI turunun “Qəbələ” – “Simurq” matçında qeydə alınıb.

Bu oyunun 75-ci dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Murad Musayevin cəzası ağır olub. Musayev 4 oyunluq cəzalandırılıb. Klub isə oyunçusuna görə 2 min manat cərimə ödəməlidir. Bundan başqa, “Qəbələ”nin 4, “Simurq”un isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər 2 klub 500 manat miqdarında cərimələnib.

I dəstənin XIII turunun “Lokomotiv” – “Bakılı” matçının 67-ci dəqiqəsində qonaqların futbolçusu Rövşən İsmayılov da birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun meydana çıxa bilməyəcək. Üstəlik, “Bakılı” 400 manat da AFFA-nın xəzinəsinə pul keçirməlidir.

“Mil-Muğan” – “Şahdağ” matçının 55-ci dəqiqəsində İmişli klubunun baş məşqçisi Mətləb Məmmədovun hakimləri təhqir etməsi ona baha başa gəlib. Məmmədov buna görə 5 oyun komandasını meydana çıxara bilməyəcək. “Mil-Muğan” baş məşqçisinə görə 500, sarı vərəqə alan 5 futbolçusuna görə isə 100 manat cərimə ödəməli olacaq.