“Azərbaycan yığması ilə qarşılaşa bilərik”
10.12.2013 - 15:45
“Azərbaycan yığması ilə qarşılaşa bilərik”
“Noyabrda Misir və Mali milliləri ilə yoldaşlıq oyunu keçirə bilərdik. Lakin bu təkliflərdən imtina etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qırğızıstan Futbol Federasiyasının (QFF) baş katibi Dastan Konokbayev deyib.

Noyabrın 19-da Azərbaycan yığması ilə yoldaşlıq oyununda qolsuz heç-heçəyə nail olan Asiya təmsilçisi bu görüş üçün başqa təkliflərdən imtina edib.

2013-cü ildə baş tutan yoxlama oyunları haqda danışan Konokbayev gələcək planlar haqda da fikirlərini bildirib. Baş katib Bakıya səfərə də toxunub: “2013-cü ildə Liberiya və Ermənistanla da qarşılaşmaq variantımız var idi. İndi isə bizim seçim etmək imkanımız yoxdur. İl ərzində Avropa yığmaları ilə bir neçə dəfə qarşılaşmışıq. Bundan başqa, bizə müraciət edən İndoneziya ilə də görüşmüşük. Qarşıdakı matçlarımız isə mayda baş tutacaq “Çağırış kuboku”na hazırlıq planına uyğun təşkil olunacaq. Gələn ilin payızında kiminlə qarşılaşacağımız isə Asiya kubokuna vəsiqə qazanıb-qazanmamağımızdan asılıdır. Gələcəkdə Belarus, Qazaxıstan və Azərbaycanla cavab yoxlama oyunu keçirməyimiz mümkündür. Üstəlik Litva millisi ilə də görüşmək variantımız da var”.

Qeyd edək ki, bu ilin fevralında AFFA və QFF rəhbərliyi arasında baş tutan görüşdə millilərin 2014-cü ildə yoxlama oyunu keçirməsi razılaşdırılmışdı. Lakin həmin qarşılaşmanın vaxtı və yeri müəyyənləşdirilməmişdi. Sonradan həmin qarşılaşma 2013-cü ildə baş tutdu.