“Gedəcək futbolçuların siyahısı artıq bəllidir” - MÜSAHİBƏ
11.12.2013 - 12:13
“Gedəcək futbolçuların siyahısı artıq bəllidir” - MÜSAHİBƏ
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Rusiya mətbuatında komandanızın baş məşqçisi Yuri Syominin Azərbaycan millisini çalışdıracağı ilə bağlı iddia yer alıb. Bununla bağlı təmsil etdiyiniz klubun mövqeyini bilmək istərdik. Bu xəbərin üzərində dayanmağa dəyər?
- Bununla bağlı nə bizə, nə də Yuri Syominə müraciət edilməyib. Heç qeyri-rəsmi söhbət də olmayıb. Yalan məlumatdır, kiminsə təxəyyülünün məhsuludur. Olmayan şey barəsində danışmağa gərək görmürəm.

- Əgər belə bir təklif olarsa, “Qəbələ” Syominin həm klubda, həm də yığmada işləməsinə icazə verər?
- Bu məsələdə qərar verəcək adam deyiləm. Səlahiyyətli şəxs klubumuzun prezidenti Tale Heydərovdur. Şəxsən mənim fikrimi soruşursunuzsa, əleyhinəyəm. Praktika göstərir ki, bir məşqçi 2 yerdə çalışanda işləri uğurlu alınmır. Ancaq yenə də deyirəm, mənim fikrim klubun mövqeyi deyil.

- Syominin agenti Dmitri Selyuk da bildirib ki, təmsilçisi olduğu təcrübəli məşqçiyə indi də təkliflər var, lakin o, “Qəbələ”də çalışmaqda maraqlıdır...
- Syominə gələn real təkliflərdən xəbərimiz var. Məsələn, “Terek”dən dəvət aldığı yönündə xəbərlərə mətbuatda da geniş yer verilmişdi. İndiki halda əsas olan odur ki, Syomin “Qəbələ”dədir və işinə yüksək peşəkarlıqla yanaşır. Bu əməkdaşlıqdan hər iki tərəf razıdır.

- “Qəbələ” yarandığı gündən bəri ilk dəfə çempionluq uğrunda mübarizədə yer alıb. Dəyişən nədir? Əvvəlki komandalarla Syominin rəhbərlik etdiyi kollektiv arasında nə kimi fərqlər var?
- Əsas fərq baş məşqçi amili ilə bağlıdır. Yuri Syomin böyük təcrübəyə malik birisidir və gördüyü iş göz qabağındadır. Komandanın büdcəsi artırıldıqdan sonra Ramiz Məmmədova, Toni Adamsa və Fatih Kavlaka yaradılan şəraitin eynisini Syomin üçün edirik. Lakin onların bacarmadığını rusiyalı çalışdırıcı reallaşdırır. Dediyim kimi, şərtlərdə bir dəyişiklik yoxdur. Dəyişən baş məşqçi və onun əldə etdiyini nəticədir. Başqa bir məqam meydandan kənar amillərlə bağlıdır. Əvvəllər bu cür xoşagəlməz hallar geniş vüsət almışdı. Artıq belə şeylər hiss olunmur.

- Yəqin ki, qış fasiləsində heyətdə dəyişikliklər olacaq?
- Bəli, komandanı tərk edənlər də olacaq, yeni gələnlər də. Göndəriləcək oyunçuların siyahısı artıq bəllidir. Ancaq qarşıda hələ 2 tur var. Bu üzdən adları açıqlamağı düzgün saymıram.

- Hazırda çempionluq uğrunda 3 komandanın – “Qarabağ”, “Qəbələ” və “Neftçi”nin mübarizə apardığını söyləmək olar. Lakin qış fasiləsindən sonra mənzərə dəyişə bilər...
- Əlbəttə, hələ irəlidə 20 tur var. Komandalar arasında fərq elə də böyük deyil. Qış fasiləsində kimin necə transferlər edəcəyi, kimin güclənəcəyi, kimin zəifləyəcəyi bəlli deyil. Biz öz işimizə baxmalıyıq. Çempion olmaq üçün “Qəbələ”nin real şansı var.

ŞAMO