AZAL rəsmisi: Mən Qəbələdə kişi oldum - MÜSAHİBƏ
11.12.2013 - 14:32
AZAL rəsmisi: Mən Qəbələdə kişi oldum - MÜSAHİBƏ
AZAL-ın texniki direktoru vəzifəsində çalışan Daril Uillard Britaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin əvəzedici komandasının sabiq baş məşqçisi Toni Adamsla çalışdığı günlərdən də danışıb.

- 2010-cu ilin mayında Qari Stivens “Qəbələ”də Toni Adamsın köməkçisi oldu. Siz həmin kluba necə getdiniz?
- Mən onda “Tottenhem”lə Vyanada keçirilən bir turnirdə idim. Qari mənə internetlə məktub göndərdi ki, Toni bir məşqçi işləyir. Mənim adımı çəkmişdi. Ancaq orda işləyəcəyimə zəmanət yox idi. İyunun əvvəlinə kimi bir cavab gəlmədi. Sonra isə Toni mənə zəng vurub, Londonda görüşməyimizi istədi.

- Görüşünüz necə oldu?
- Əvvəllər böyük adlarla bir yerdə işləmişdim. Məsələn, “Çelsi”də Jose Mourinyonu görmüşdüm, Brendan Rocerslə bir yerdə kofe içmişdim. Ancaq şəxsən mənim üçün belə görüş olmamışdı. Görüş vaxtı mənə çox sadə gəldi. 2 dəqiqə sonra sanki Toni Adamsla danışdığımı unutdum. Onun üçün ən mühüm şey mənim işləmək ehtirasım və istəyim idi. O, axmaq deyildi. Bilirdi ki, mən çox şey öyrənməliyəm. O istəmirdi ki, mən Azərbaycana gedim və 3 həftədən sonra evə geri qayıdım.

- Bəs necə oldu ki, sonradan sizə ondan xəbər gəldi?
- Bir müddət arada yenidən xəbər olmadı. Ancaq iyunun sonlarında Toni mənə zəng edərək dedi: “Bazar ertəsi təyyarəyə min, mən səninlə getməliyəm”. Azərbaycana çatanda hər şey mənə qəribə gəlirdi: 40 dərəcə isti və gözəl mənzərə. Üstəlik, Qari Stivens və Toni Adamsla birgə bütöv işləmək əla idi. Bir müddət sonra sən evdən ötrü xırda şeylərə görə darıxmağa başlayırsan. Çünki mən oteldə qalırdım. Ümumilikdə 2 il ərzində orda mükəmməl vaxt keçirdim və çox şey öyrəndim. Sözün həqiqi mənasında mən kişi oldum.

- Çalışdığınız klubda məşhur oyunçulardan kimlər vardı?
- Biz “Derbi” və “Portsmut”un sabiq hücumçusu Deon Bartonla müqavilə bağladıq. “Mozervell və “Haybernian”ın keçmiş qapıçısı şotlandiyalı Qrem Smiti heyətə qatdıq. Onlarla gözəl vaxt keçirdik. Evdən uzaqda qalmaq üçün bu lazım idi.

- Adams komandadan ayrılsa da, siz ordakı işinizi davam etdirdiniz...
- Toni 2011-ci ilin oktyabrında komandanı tərk etsə də, mən mövsümün sonunadək – maya kimi orda qaldım. Orda mən yaxşı iş görmüşdüm. Əvəzedicilər çempionatı 2-ci pillədə başa vurdu. Aşağı yaş qrupları üzrə milli komandalar üçün əvvəlkindən çox sayda futbolçu yetişdirdik. Müqaviləmin müddəti başa çatanda “Qəbələ”nin prezidenti kluba ispaniyalı məşqçiləri gətirməklə yeni istiqamət götürmək istəyirdi. Futbolda belə şeylər olur. Bunu qəbul etməlisən.

- Azərbaycandan ayrıldıqdan sonra İngiltərədə niyə işləmədiniz?
- İngiltərəyə qayıdanda 6 ay iş axtardım. İş tapmaq çətin idi. İnamın azalmağa başlayır. Evlənirsən, ailə qurursan və fikirləşirsən ki, mən nə edirəm. Mən akademiyalarda U-9, U-10 komandaları çalışdırmaq üçün müraciət etdim, ancaq alınmadı. Bu, Premyer Liqa, Çempionşip, Liqa 1 və Liqa 2 klubları idi. Mən 1 müsahibə oxumuşdum. Pol Aşvort öz müsahibəsində demişdi ki, İngiltərədən xaricdə işləyəndə ölkəndə yoxa çıxmış kimi olursan.

- Bəs Azərbaycana növbəti səfəriniz necə oldu?
- Bir ingilis klubu mənə iş təklif edərək görüşə çağırmışdı. Ancaq eyni zamanda mən paytaxt Bakını təmsil edən Azərbaycan Premyer Liqa klubu AZAL-dan təklif almışdım. Mən ötən ilin dekabrın 23-ü gecə Bakıya uçdum. Ayın 24-ü orda oldum, günorta görüşüb əl sıxdıq və təyyarə ilə geriyə qayıtdım. Dekabrın 24-də geri qayıtmalı idim, çünki Milad bayramını evdə keçirməliydim.

- Yeni klubunda işləmək çətin olmadı ki?
- Mən “Qəbələ”də yaxşı işlədiyimdən, bu işi bacaracaqdım. Qəbələdə olanda gənc məşqçi idim. Keçmişdə Azərbaycanda etdiklərimə görə, mənə çox hörmətlə rəftar edirdilər. 16 yaşım olanda özümdə xəritə cızmışdım ki, 35 yaşımda harda olmaq istəyirəm. Fərqi yoxdur, İngiltərə və ya başqa bir yer, ancaq yüksək səviyyəli çempionatda məşqçi olmaq istəyirdim. İstədiyim UEFA Pro lisenziyasını gələn il əldə edəcəyəm. Mən İngiltərədə arzuladığımdan da çox təcrübə qazanmışam.

- Orda olduğunuz müddətdə dil öyrənə bildiniz?
- Azərbaycanca danışa bilirəm. Rus dilində danışmaq üçün isə o qədər də ağıllı deyiləm. Həyat yoldaşım mən rusca danışanda gülür. O, rusdur, ancaq ingiliscə danışır. Bu isə məni bir qədər tənbəl göstərir. Gənc məşqçilər hazırda ən azı 2 vacib dil bilməlidir. Məşqçi kimi bir az ingilis, bir az azərbaycanca danışıram, ancaq futbolun dili birdir.