PFA rəsmisi: AFFA bizdən vaxt istədi
12.12.2013 - 00:01
PFA rəsmisi: AFFA bizdən vaxt istədi
“Millimiz yanvarın 18-də Norveçlə yoldaşlıq oyunu keçirəcək. 2 gün sonra isə Azərbaycan yığması ilə qarşılaşmaq istəyirik. Amma Norveçdən fərqli, sizin komanda ilə oyunun keçirilməsi hələ təsdiqlənməyib”. Bunu apasport.az saytına Polşa Futbol Assosiasiyasının (PFA) mətbuat xidmətinin rəhbəri Yakub Kviatkovski deyib.

Polşa yığması yeni ilin ilk ayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışı keçirəcək. Toplanış müddətində polyaklar 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırıb. Hər ilin fevralında BƏƏ-də hazırlıq keçən millimizin bu dəfə ora yanvarda getməsi gözlənilir. Çünki 4 dövrəli sistemə əsasən Premyer Liqa oyunlarının sayı artdığı üçün fasilə həmişəkindən erkən - fevralın 1-də başa çatacaq. Ona görə də milli Ərəbistan yarımadasına fevralda yox, klubların qış hazırlığı keçdiyi yanvarda gedəcək.

Bəs görəsən, polşalılar AFFA ilə danışıqlar aparıbmı? Bunu Kviatkovski vasitəsi ilə dəqiqləşdirməyə çalışdıq: “Bəli, AFFA ilə danışıqlarımız olub. Ancaq onlar bizdən vaxt istəyib. Deyəsən, sizdə baş məşqçi ilə bağlı bəzi məsələlər həllini tapmadığından, toplanışın vaxtı müəyyənləşməyib. Bizə bu həftənin sonu və ya gələn həftənin əvvəlinə kimi bir cavab verilməlidir. Əgər müsbət cavab gəlsə, yanvarın 20-də oyunun keçirilməsinə dair AFFA ilə müqavilə bağlayacağıq. Əks halda, bizim meydan sahibi olan ərəblərlə qarşılaşmaqdan başqa çarəmiz yoxdur”.

Qeyd edək ki, dekabrın 18-i saat 11:00-da AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Həmin iclasın yekununda milli komandanın baş məqçisinin kimliyi rəsmən açıqlanacaq. Görünür, məhz bundan sonra PFA-ya rəsmi cavab veriləcək.

Səbuhi TOFİQOĞLU