“Sabit oynadığın vaxtda birdən-birə ehtiyata atılmaq...” - MÜSAHİBƏ
12.12.2013 - 13:31
“Sabit oynadığın vaxtda birdən-birə ehtiyata atılmaq...” - MÜSAHİBƏ
Azərbaycan yığmasının və “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının son 3 turunda ehtiyatda qalmağınızın səbəbi nədir?
- Düzdü, son görüşləri kənardan izləyirəm. Qərarı baş məşqçi verir. Əlbəttə, heç bir futbolçu ehtiyatda qalmaq istəməz. Hamı oynamaq haqda düşünür, elə mən də...

- Maraqlı tendensiya yaranıb. Mövsümün arxada qalan hissəsində sizə daha çox güvənilsə də, bosniyalı qapıçı İbrahim Şehiç adaptasiya prosesi keçdikdən sonra üstünlük ola verildi. Bu hal xorvatiyalı qolkiper Miro Varvodiçin dönəmində də yaşanmışdı. Bəlkə ümidləri doğrultmursunuz?
- Niyə ki? Sabit dayanırdım. Amma sonradan yeni qapıçıya üstünlük verildi. Əsas heyətə qayıtmaq üçün çox çalışacam. Məndən asılı olmayan səbəblər də var. Yekun qərara baş məşqçiyə məxsusdur. Bilirsiniz, ehtiyatda qalmağım mənim üçün də maraqlıdır. Yenə deyirəm, sabit oynayırdım. Kənarda qalmağım gözlənilməz oldu.

- Rəqiblərinizə hansı parametrlərdə uduzursunuz?
- Konkret qeyd ediləcək hər hansı göstərici yoxdur. Olsa deyərdim ki, filan şeydə uduzuram. Seçim baş məşqçinindir. Biz də ona hörmətlə yanaşmalıyıq. Elə bu suala da Qurban müəllim (baş məşqçi Qurban Qurbanov – red.) daha dolğun cavab verə bilər.

- Yığmada Almaniyadan, Türkiyədən dəvət olunan legionerlərə üstünlük veriləndə yerli futbolçular narazılıqlarını bildirirlər. Analoji hal klubda, konkret sizin də başınıza gəlib. Niyə heç kim danışmır?
- Düz deyirsiniz. Yalnız yığmada baş verənləri qeyd etmək olmaz. Klublarda da belə hallar var. Yığmaya dəvət edilən milliləşdirilmiş futbolçu yerlilərdən üstün olmalıdır ki, komanda xeyir versin. Bəzən isə gəlmələr yerlidən zəif olur, amma onu oynadırlar. Klubda da belə hallar olur. Bunu heç qabardan yoxdur. Hamı yığmadan danışır.

- Bu cür münasibət sizdə ruh düşkünlüyü yaratmır?
- Həvəsdən düşmürəm, sadəcə, narahat oluram. Çünki sabit oynadığın vaxtda birdən-birə ehtiyata atılmaq...

- Mironun gedişinə heç sevindinizmi?
- Varvodiç bir ildən artıq komandamıza kömək etdi. Azdan-çoxdan xeyri dəydi. Rəhbərliklə danışıb, komandadan ayrıldı. Ona uğurlar arzulayıram. Yaxşı qapıçı idi.

- XVII turun “Bakı” ilə oyununa hansı həvəslə hazırlaşırsınız?
- Çətin olacaq. Ciddi hazırlaşırıq. Əsas heyətdən bir neçə futbolçumuz meydana çıxmayacaq. 3 xal üçün əlimizdən gələni edəcəyik ki, liderliyimizi qoruyaq.

- Bu rəqiblə I dövrədəki qarşılaşmada 3:0 hesablı qələbə qazanmışdınız. Bəs indi vəziyyət necədir?
- I dövrədə öz meydanımızda oynamışdıq. “Bakı həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

- “Qarabağ” həm ötən il, həm də cari mövsümdə bir neçə dəfə liderliyə yüksəlsə də, bu üstünlüyünü sona qədər qoruya bilməyib...
- Çempionatda asan rəqib yoxdur. Xalların çoxunu zəif hesab edilən rəqiblərlə oyunlarda itirmişik. Çalışacağıq ki, ən azı qış fasiləsinə qədər zirvədəki mövqeyimizi qoruyaq.