Pop, top və qırmızı top
12.12.2013 - 13:50
Pop, top və qırmızı top
İndiki dövrdə qızını ya topçuya verəcəksən, ya da popçuya – zəmanənin tələbidir, türklər belə düşünür. Bir millət iki dövlət olsaq da, osmanlılar hər iki sənətdə daha pərgardırlar. Həyata baxışlarımızdakı fərqlər də öz yerində. Toplum olaraq, hansısa “manısı” kürəkən seçməyə müsbət yanaşdığımızı düşünmürəm. Topçularımıza gəlincə, onların arasında hələ özlərini yetərincə tanıdanı, brendə çevrilənləri yoxdur. Özlərinin dediyi kimi, bizimkilər futbol yox, millətin əsəbi ilə oynayırlar – vəziyyət belədir. Hərçənd, “manıs” tayfası ilə müqayisədə topçularımız toya-bayrama gedəsidi.

Osmanlıların hər iki sənətdə qabağa getdiklərini popçu və topçu tayfamız da yaxşı bilir. Təsadüfi deyil ki, arabir onların da arasından Anadolunu keçib, İstanbulu fəth etmək istəyənlər tapılır. Gəl ki, patronları boşa sərf edirlər, hələlik qardaş diyarda tutuzduranımız olmayıb. Röyası, Aygünü, Yeganəsi nəyə nail olubsa, Saşa Yunisoğlunun, Davud Kəriminin, Fərid Quliyevin, Arif İsayevin də qazancı bir o qədərdir. Təcrübə göstərir ki, məsləkləri fərqli olsa da, aqibətləri oxşardı: Gec-tez əlləri ətəklərindən uzun geri qayıdırlar.

Paralel aparanda ən çox İlqar Qurbanovun bəxtinin gətirdiyini düşünürdüm. Adam “İnönü”də “Beşiktaş”a qol vurub. Lakin yaxınlarda oxuduğum bir xəbər fikrimi dəyişməyə səbəb oldu. Təsəvvür edin, Türkiyədə 7-dən 77-yə hər kəs “Kurtlar Vadisi Pusu”da rol almaq üçün diləkçə yazıb, növbə gözlədikləri halda, bizim müğənnilərdən biri “Panafilm”in dəvətini geri çevirib. Türklər həmyerlimizə “gəl, 2-3 bölümdə çəkil, sonra Polad Ələmdar səni gülləyər, çıxıb işinin-gücünün dalınca gedərsən” - deyiblər. Ancaq aldıqları cavabdan şoka düşüblər. Popçumuz “mən ancaq Polat Ələmdarı öldürmək şərti ilə bu serialda çəkilərəm” söyləyib. Təsəvvür edirsiz? Bu, İlqar Qurbanovun “İnönü”də, Vaqif Cavadovun “Şükrü Saracoğlu”da poker etməsindən də böyük olaydı...

Lənət şeytana, bu maqazin xəbərləri maqnit kimidir, danışdıqca, yazdıqca, adamı özünə çəkir. Başım elə qarışdı ki, yazının əl-ayağını yığmaq artıq çətin məsələdir. Başqa vaxt hansımızı dindirsələr boş vaxtlarımızda “National Geograpic”, “History”, “Discovery” kimi kanallara baxdığımızı, Fyodor Dostoyevskini oxuduğumuzu söyləyirik. Ancaq nə hikmətdirsə, ailə-məişət problemlərinin şouya çevrildiyi verilişlərdə, efirdən canlı yayımlanan “palatka” toylarında nələrin baş verməsindən, hansı “manısın” sosial şəbəkədə nə yazdığından xəbərdarıq.

Əslində, bu gün azarkeşlərimizin stadionlara gəlməməklərində klubların günahkar olmasından, piar işi aparmamaqlarından, milli çempionatlarımızın iki daimi iştirakçısının – “Qarabağ”la “Neftçi”nin duelini cəmi 1500 nəfərin izləməsindən və bizim bu komandaların görüşünü xəcalət çəkə-çəkə “prinspial qarşılaşma”, “əzəli rəqiblərin dueli” kimi təqdim etməyimizdən, Premyer Liqanın bir çox oyunlarında stadionda olan polis əməkdaşlarının sayının azarkeşlərdən çox olmasından və bu kimi məsələlərdən yazmaq, fikirlərimi bölüşmək istəyirdim. Ancaq Bakıya yağan ilk qar burda da öz fəsadlarını göstərdi. İşə çatar-çatmaz həmkarımın biri “görəsən, Ramin Musayevin anbarında qırmızı top varmı” – deyə, sual etdi. İstər istəməz yadıma dünən İstanbulda qarlı havada oynanılan “Qalatasaray” – “Yuventus” matçı, Uesli Sneyder qapıya yolladığı qırmızı top düşdü. Türkiyəyə üz tutan topçu və popçularımız hardan çıxdı, hələ də anlamış deyiləm...

ŞAMO