Kamran Quliyev: Əsas səbəbkar baş məşqçi deyil
12.12.2013 - 13:55
Kamran Quliyev: Əsas səbəbkar baş məşqçi deyil
“Biz hesab etmirik ki, çətin durumda olan klubda vəziyyətdən çıxış yolu mütləq baş məşqçi dəyişikliyinə getməkdir. Əsas məqam vəziyyəti yaxşı analiz edib, düzgün hərəkət etməkdir”. Bu sözləri apasport.az saytına müsahibəsində “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev deyib.

Premyer Liqada 3-cü mövsümünü keçirən “Sumqayıt”ın durumu heç də ürəkaçan deyil. Keçirdiyi 16 oyundan 7 xal toplayan “gənclik şəhəri” təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Belə bir vəziyyətdə baş məşqçi dəyişikliyinin gündəmə gəlməsi təbiidir. Mətbuata Aqil Məmmədovun postundan gedəcəyi yönündə xəbərlər yer almaqdadır. Hətta, onun yerinə Arif Əsədov və Tərlan Əhmədovun simasında namizədlər də göstərilir.

Lakin “Sumqayıt”ın prezidenti bildirib ki, hazırda baş məşqçi dəyişikliyi barədə düşünmürlər: “Qış fasiləsinə qədər 2 oyunumuz var. Yalnız bundan sonra komandanın çıxışını analiz edib, müvafiq qərarlar qəbul edəcəyik. Uğursuz çıxışın əsas səbəbkarı baş məşqçi deyil”.