“Məşqçi korpusuna son xəbərdarlıq edilib” - MÜSAHİBƏ
12.12.2013 - 15:05
“Məşqçi korpusuna son xəbərdarlıq edilib” - MÜSAHİBƏ
“Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin apasport.az saytına müsahibəsi

- Dünən baş tutan klubdaxili iclasda nələri müzakirə etdiniz, nə kimi qərarlar qəbul olundu?
- Toplantıda komandanın uğursuz çıxışı müzakirə olundu və məşqçilərin qarşısında nəticələrin yaxşılaşdırılması tələbi qoyuldu. Həmçinin, onlara son xəbərdarlıq edildi. Eyni zamanda, son oyunlardakı intizamsızlıqları gündəmə gətirdik. Cəzalanan futbolçularımız Samir Abasov, Ruslan Qurbanov və Slavik Alaxsovun hərəkətlərini analiz edib, ölçü götürülməsini zəruri saydıq. Son oyunlarda hakimliklə bağlı problemlərimiz olub, futbolçularımız tez-tez qırmızı vərəqə alırlar. Digər tərəfdən, əleyhimizə düzgün olmayan qərarlar da verilir. Məsələn, “Bakı” ilə matçda qapımıza ilk qol oyundankənar vəziyyətdən vurulub.

- “Neftçi” ilə matçda Samir Abasov referini, “Bakı”yla görüşdə isə Ruslan Qurbanov yan xətt hakimini təhqir etdiyi üçün meydandan qovuldular. Maraqlıdır ki, hər iki futbolçu öncə ədalət təmsilçilərinin onları söydüklərini iddia edirlər. Razılaşın ki, bu kimi hallar tez-tez baş vermir. Hakimlər həqiqət komandanızın üzvlərinin ünvanına ağır ifadələr işlədiblər?
- Həmin epizodlara yaxın bir adam tapmadıq ki, dəqiqləşdirək. Adətən, belə hallarda hakimin sözü əsas götürülür. Hər halda, onlar matçı idarə etməyə gəliblər, futbolçu söyməyə yox. Yəni, bu məsələni şişirtmək yersizidir. Hakimlər deyirlərsə belədir, deməli belədir.

- Məşqçilər korpusuna xəbərdarlıq etdiyinizi bildirdiniz. Ancaq razılaşın ki, “Sumqayıt”ın heyəti rəqiblərlə müqayisədə zəifdir və komandanın sonuncu pillədə qərarlaşmasında qeyri-adi heç nə yoxdur...
- Bütün emosiyaları qırağa qoysaq, həqiqətən də “Sumqayıt”ın heyətinin heç orta pillələr uğrunda mübarizə aparacaq səviyyədə olmadığını söyləmək olar. Lakin bu heyət ötən mövsüm daha yaxşı oyun nümayiş etdirib və nəticələr qazanıb. Bunun müxtəlif səbəbləri var. Məsələn, əvvəlki çempionatda qələbə qazandığımız görüşlərdə önəmli rol oynayan Pərdis Fərcad-Azad formasından uzaqdır. Eyni sözlər bir neçə oyunçumuz barədə də demək olar. Həm də sonuncu birincilikdə bizdən də zəif rəqiblər vardı. Lakin indi autsayder “Sumqayıt”dır. Ancaq bunlar bəhanə ola bilməz. Ən azından “Rəvan”ı keçməliyik. Biz yaxınlarda bu komandaya qarşı çox yaxşı oynadıq. Qələbə qazanmaq üçün real şanslarımız vardı. Ancaq 1:1 hesabı ilə bərabərə qaldıq. Mübarizə aparmaq lazımdır.

- Bu heyətlə Premyer Liqada qalmaq olarmı?
- Biz həmişə qış fasiləsində heyəti gücləndirmişik, bu dəfə də elə olacaq. İnanmaq istəyirəm ki, lazımı mövqelərdə tutarlı dəyişikliklər etsək, vəziyyəti dəyişmək olar. Hazırda danışıq apardığımız bir sıra futbolçular var.

- Heyətinizi gücləndirəcəyinizi deyirsiniz. Lakin artıq bir neçə oyunçu qış fasiləsini gözləmədən “Sumqayıt”ı tərk edib, bəzilərinin isə ayrılacağı gündəmdədir...
- “Sumqayıt”ın əsas missiyası gənc futbolçulara oyun praktikası qazandırmaqdır. Bu gün “Neftçi” bizə icarəyə verdiyi oyunçuları geri çağırırsa, deməli, işimizin bəhrəsi var. Öz klublarında oyun şansı qazanmayan Elşən Abdullayev və ya Nurlan Novruzov indi kimə lazım olmaz ki? Onlar istənilən klubda əsas heyətə düşə bilərlər.

- “Sumqayıt”da maddi problemlərin olması, maaşların 4 ay gecikdirilməsi yönündə xəbərlər nə dərəcədə doğrudur?
- Tam səmimi deyirəm, “Sumqayıt”da heç bir maliyyə problemi yoxdur. Biz yalnız oktyabrın maaşından 30 faiz kəsmişik ki, bu da öncədən razılaşdırılmış məsələ olub. Futbolçuların qarşısına belə bir tapşırıq qoyulmuşdu: ya sonuncu pillədən qurtulun, ya da oktyabr ayı ərzində 6 xal toplayın, əks halda, maaşınızdan 30 faiz tutulacaq. Onlar da bunu bacarmadıqları üçün pul cəzası tətbiq edildi. Bu, normal haldır, dünyanın hər bir yerində ola bilər. Ancaq maaşların gecikdirilməsi yalan informasiyadır. Belə bir şey olmayıb. Heç kimə nə maaş, nə də mükafat borcumuz yoxdur.

- Nurlan Novruzov və Vurğun Hüseynovun “Sumqayıt”ı tərk edəcəkləri deyilir. Onların aqibəti necə olacaq?
- Nurlan icarə əsasında bizimlədir, Vurğunla isə 2 illik müqaviləmiz var. Onlara təkliflər gəldiyini oxuyuruq, eşidirik. Onu deyə bilərəm ki, Hüseynovu heyətində görmək istəyən “Sumqayıt”la razılığa gəlməlidir. Fürsətdən istifadə edib, Türkiyənin I divizion klublarından təklif alan, ora kimin vasitəsi ilə düşmək istəyənlərə məsləhət görürəm ki, getməzdən əvvəl klubların maddi durumu ilə maraqlanın. Cavid Hüyenovun, Saşa Yunisoğlunun, Arif İsayevin, Fərid Quliyevin və digərlərinin üzləşdikləri problemlərdən ibrət götürün. Oxuyuram ki, “Dənizlispor” Vurğun Hüseynovu sınamağa qərara gəlib. Çox gülməlidir. Bu klubun bizim futbolçulara borcu var. Belə şeylər yazanda diqqətli olmaq lazımdır. Vurğun əsas heyətin üzvüdür və biz heyəti qorumaqda maraqlıyıq.

ŞAMO