Nazim Süleymanov sükutu pozdu
13.12.2013 - 00:00
Nazim Süleymanov sükutu pozdu
“Neftçi” klubunun baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XVII turunda çempionluq uğrunda mübarizədə əsas rəqiblərinizdən olan “Qəbələ”ni qəbul edəcəksiniz. Paytaxta yağan ilk qar hazırlıq planınıza təsir etdimi?
- İndi Premyer Liqada zəif rəqib yoxdur. Bütün oyunlara eyni məsuliyyətlə hazırlaşırıq. Futboldur, bir gün udursan, bir gün uduzursan. “Qəbələ” çempionluğa oynayan komandadı. Bu isə o deməkdir ki, işimiz daha da çətin olacaq. Hava şəraitinə gəlincə, heç bir problem yoxdur. Qışda qar yağar da.

- Yəqin ki, “Qəbələ”ni analiz etmisiniz. Rəqibin nə kimi özünəməxsus xüsusiyyətləri var?
- Bunları mətbuata açıqlamağa gərək yoxdur, əsas odur ki, komandamızın üzvləri bilsinlər. Bəli, analiz etmişik. Ən xırda detallara diqqət yetirməyə çalışırıq. Evdə oynayacağıq, bizi ancaq 3 xal qane edir. Ümumiyyətlə, ardıcıl 3 dəfə çempion olan komanda qələbələri sıralamalıdır. İddialı klublar həmişə belə olub. Elə ki, 1-2 oyunda uduzdun, o dəqiqə diqqət mərkəzinə düşürsən.

- Yuri Syomin əcnəbi olsa da, sizin üçün tanış simadır. Futbolçu olduğunuz vaxtlarda onunla rastlaşmısınız...
- Əlbəttə, onu xeyli müddəti tanıyıram. “Lokomotiv”i çalışdırdığı vaxt dəfələrlə qarşılaşmışıq. Onun kimi təcrübəli mütəxəssisin Azərbaycanda işləməsi sevindirici haldır. Syomin hörmətə layiq insandır.

- Səhv etmiriksə, “Lokomotiv”də onun rəhbərliyi altında çıxış etmək variantınız olub, elədir?
- Bəli, 1997-ci ildə belə danışıq olmuşdu. Lakin keçidim alınmadı. İndi ona qarşı məşqçi kimi mübarizə aparmaq gözəl hisdir.

- “Neftçi” hazırda lider “Qarabağ”dan 2 xal geri qalır və 3-cü pillədə qərarlaşıb. Ancaq buna rəğmən, rəhbərlik etdiyiniz kollektivin “Qarabağ” və “İnter”ə uduzması müzakirələrə yol açıb, hətta istefanız belə gündəmə gəlib. Üzərinizdə təzyiq hiss etmirsiniz ki?
- Futbola dünən gəlməmişəm, ömrümün böyük hissəsi bu sahə ilə bağlıdır. Rusiyada oynamışam, “Xəzər Lənkəran”, AZAL kimi klubları çalışdırmışam, millinin həm futbolçu, həm də məşqçi kimi şərəfini qorumuşam. Sözümün canı odur ki, təcrübəm yetərincədir, belə şeylərə adət etmişəm. “Neftçi” kimi klubu çalışdırırsansa, səndən ancaq qələbə gözlənilməsi normaldır. Kənardan çox söz deyə bilərlər, əsas odur ki, komandanın daxilində ab-hava qaydasında olsun. Rəhbərlik tərəfindən mənə qarşı heç bir təzyiq yoxdur. Son 6-7 ay ərzində komandanı 3 fərqli baş məşqçi çalışdırıb. Başqa klub olsaydı, bu dəyişikliklərdən sonra indi 7-8-ci sırada olardı. Ancaq biz yenə də çempionluğa əsas namizədlərdən biriyik. Liderdən cəmi 2 xal geri qalırıq, təlaşa nə gərək var? Qarşıdakı 2 oyunumuzda qalib gəlib, qış fasiləsinə yüksək əhval-ruhiyyə ilə yollanmaq istəyirik. Öncə “Qəbələ”dir, daha sonra AZAL barədə fikirləşəcəyik.

- Son vaxtlar bir qədər mətbuatdan uzaq durmağınız nə ilə bağlıdır?
- İnanın, işlərim həddindən artıq çoxdur. Komandanı yeni götürmüşəm, zamana ehtiyacım var. Bilirsiniz ki, mən həmişə mətbuata açıq insan olmuşam. Vaxtım az olduğundan əksər hallarda zənglərə cavab verə bilmirəm. Xahiş edirəm, kimsə yanlış anlamasın. Mənim heç vaxt kimsəylə problemim olmayıb.

- Qış fasiləsində heyətdə dəyişikliklər olacaq?
- Hazırda bu barədə düşünmürük. Qarşıdakı 2 oyuna çıxaq, sonra transferlərdən danışmaq olar. Açığı, “Neftçi” heç kimi göndərməyi planlaşdırmır. “Sumqayıt”a icarəyə verdiyimiz 3 oyunçunu - Elşən Abdullayev, Ruslan Qurbanov və Slavik Alxasovu geri qaytarmaq niyyətimiz var.

- Hazırkı heyəti çempionluq titulunu qorumaq üçün yetərli sayırsınızmı?
- Niyə də yox? Komandanın stabil heyəti var, ardıcıl 3 mövsüm çempion olub. Yenidən qızıl medal qazanmağımız öz əlimizdədir.

- Hazırlıq planınız bəllidir?
- Bəli, yanvarın 12-dən 27-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcəyik. Bu müddətdə 3-4 yoxlama matçında qüvvəmizi sınamağı düşünürük.

ŞAMO