İbrahim Toramanla bağlı yeni xəbər
13.12.2013 - 10:47
İbrahim Toramanla bağlı yeni xəbər
“Beşiktaş”ın baş məşqçisi Slaven Biliç İbrahim Toramanla Sezer Öztürkü bağışlayacaq. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oktyabrda Xorvatiyanın “Hayduk” klubu ilə yoldaşlıq matçında bir-biri ilə dalaşdıqları üçün transferə çıxarılan futbolçuların yenidən İstanbul klubunun formasını geyinmək ehtimalı var.

Biliç dünən “Beşiktaş” idarəçiləri ilə görüşündə “əsas məqsədim komandadakı intizamsızlığa yol verməməkdir. Ancaq ilk dövrəni tamamlayaq, bu məsələni ətraflı müzakirə edərik” – söyləməklə, Toramanla Öztürkü bağışlayacağına işarə edib.

Bundan sonra rəhbərlik hər iki futbolçu üçün başqa klublardan gələn təklifləri dondurub.

Qeyd edək ki, uzun müddət “Beşiktaş”ın kapitanı olan İbrahim Toramanın adı “Xəzər Lənkəran”la yanaşı hallanır. Türkiyə millisinin sabiq üzvü saytımıza müsahibəsində həmyerlisi Mustafa Dənizlinin baş məşqçisi olduğu təmsilçimizdən rəsmi təklif almadığını, lakin Azərbaycanda çıxış etməyə müsbət yanaşdığını ifadə edib.