Ruslan Abışov: Kazanda qazamat
13.12.2013 - 13:00
Ruslan Abışov: Kazanda qazamat
Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turu Azərbaycan yığmasının futbolçusu Ruslan Abışov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Rubin” klubunda forma geyinən həmyerlimiz uzun müddətdən sonra meydana çıxıb. Arxa xətt oyunçusu “Zulte Varegem”lə Belçikadakı qarşılaşmada start heyətində yer alıb. Fasilədə əvəzlənən Abışov komandasının 2:0 hesablı qələbəsinə sevinib.

Sonuncu dəfə elə Avropa Liqasının Belçika təmsilçisi ilə oktyabrın 3-də Kazanda baş tutan qarşılaşmasında iştirak edən dayaq yarımmüdafiəçisi 70 gündən sonra klub səviyyəsində oynamaq imkanı qazanıb. Futbolçumuz 10 həftə əvvəlki görüşdə də start heyətində meydana çıxıb və sonradan - 73-cü dəqiqədə əvəzlənmişdi.

Belçikadakı qarşılaşma “Rubin”in 2013-cü ildə son görüşü olub. Bu isə o deməkdir ki, yanvarın 15-də Kazan təmsilçisi ilə anlaşan Ruslan yeni klubunda ilk ilini arxada qoyub.

Abışov legioner həyatı yaşadığı təxminən 11 ay müddətində cəmi 5 rəsmi matça çıxıb. Bunlardan biri Rusiya çempionatı, ikisi Avropa Liqasının təsnifat, ikisi isə qrup mərhələsində qeydə alınıb. 331 günlük “Rubin” karyerasındakı 5 görüşdən 3-də start heyətində yer alan və yalnız 1 dəfə əvəzolunmadan meydanda olan yarımmüdafiəçi ümumilikdə 238 dəqiqə oynamaq imkanı qazanıb.

Lakin 11 ay əsas komandadakı 5 matçla bitmir. Həmyerlimiz 4 yoxlama matçında da əsas komandaya kömək edib. Bunlardan yalnız 1-də start heyətində yer alan və həmin görüşdə də sonradan əvəzlənən Abışov 162 dəqiqə oynayıb.

Ruslanın “Rubin” karyerasının daha bir istiqaməti isə əvəzedici heyət – Rusiyada deyildiyi kimi gənclərdən ibarət komandadır. Burada 3 qarşılaşmaya çıxan millimizin üzvü hər dəfə 1 hissə oynayıb. Bu isə ümumilikdə 135 dəqiqə deməkdir.

Rəsmi və qeyri-rəsmi, əsas və əvəzedici komandalarda ümumilikdə oyun sayı 12-yə bərabər olan Ruslan Rusiyada 535 dəqiqə oynayıb. Bu rəqəm isə millimizin aparıcı futbolçusu üçün yaxşı sayılmamalıdır.